Kirayə mənzil bazarında vəziyyət necədir?

Hazırda Bakıda kirayə mənzillərə əsas tələbat qiyməti 300-500
manat arası dəyişən, 2-3 otaqlı mənzillərdir.

Bunu AzerTimes-a əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, hazırda kirayə mənzil mövsümü olmadığından
qiymətlər stabildir:

“Lakin son illər Bakıda xeyli sayda yeni bina tikilir. Bu
tikintilərin bir qismi pilot layihələr əsasında həyata keçirilir.
Yararsız vəziyyətdə olan, köhnə tikililər sökülüb, yerində
hündürmərtəbəli, yeni yaşayış binaları ucaldılır.

Paytaxtda köhnə mənzillər söküldükcə, kirayə bazarında ucuz
mənzillərə tələb artır. Yəni həm həmin binaların sakinləri, həm də
burada kirayə qalanlar əlavə yer axtarmalı olur. Bu səbəbdən köhnə
binalarda kirayə verilən ucuz mənzillərin sayı azalır. Hazırda
Bakıda yeni tikili binalarda birotaqlı kirayə mənzillərin qiyməti
500 manatdan başlayır”, – E.Fərzəliyev deyib.

Onun sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki,
yaxın on ildə paytaxtda ucuz kirayə mənzillərin sayı çox məhdud
olacaq:

“Ucuz kirayə mənzillərdə yaşayanların əksəriyyəti rayonlardan
gələn tələbələrdir. Qiymət balansını qorumaq üçün tələbəblər üçün
yataqxanalar tikilməlidir. Hər il minlərlə tələbə paytaxta oxumağa
gəlir. Bu da yüzlərlə mənzilin kirayələnməsi deməkdir. Bundan başqa
mərkəzdən bir qədər aralı yerləşən kənd və qəsəbələrə marşrut
xətlərinin artırılması ucuz kirayədə qalmaq istəyən şəxslər üçün
yaxşı olar”, – E.Fərzəliyev vurğulayıb.

Teqlər: