Qulluq stajına görə əlavələr edilmiş pensiyalar maddi yardımlarla birgə ödənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu qulluq stajına görə əlavələr alan
pensiyaçıların (hərbi qulluqçular, hüquq-mühafizə orqanları
əməkdaşları, dövlət qulluqçuları və b.) mart ayı üzrə pensiya
ödənişini də başa çatdırıb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Prezident İlham Əliyevin Sərəncamı ilə həmin
şəxslərə 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına
görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində bu ilin
əvvəlindən aylıq maddi yardım ödənilməsi nəzərdə tutulub.

Qeyd olunan vətəndaşlara (həmçinin vəfat etmiş hərbi və xüsusi
rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və
qulluq stajına görə əlavə almaq hüququ olmuş digər şəxslərin ailə
başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə) mart ayının
pensiyaları maddi yardımla, həmçinin yanvar və fevral aylarının
maddi yardımları ilə birgə ödənilib.

Xatırladaq ki, hazırda qulluq stajına görə əlavələr alan
pensiyaçıların sayı 100 min nəfərdir. Dövlət başçısının Sərəncamına
əsasən, qeyd edilən maddi yardım gələn il yanvarın 1-dən həmin
pensiyaçıların pensiyalarının tərkibinə daxil ediləcək.

Teqlər: