Qubanın Zərdabi qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən inşa olunan məktəb binası istifadəyə verilib (FOTO)

Xəbər - Trend6

Quba rayonunun Zərdabi qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni məktəb binası istifadəyə verilib.

AzerTimes-ın məlumatına görə, Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəbi üçün tikilən üçmərtəbəli bina 850 şagird yerlikdir.

Quba Rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev çıxış edərək Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə diqqəti və qayğısı ilə ölkədə yeni elm, təhsil, səhiyyə, mədəniyyət mərkəzlərinin istifadəyə verilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib.

Bildirilib ki, Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəbin yerləşdiyi əvvəlki bina 46 il öncə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunmasına ehtiyac yaranmışdı. Fondun təşəbbüsü ilə inşa olunan təhsil müəssisəsi üç mərtəbəlidir. Burada sinif otaqları, laboratoriya, linqafon, informatika otaqları, gənclərin çağırışaqədərki hazırlığı kabineti, kitabxana, oxu zalı, bufet, akt zalı, idman zalı və texniki otaqlar müəllim və şagirdlərin ixtiyarına verilib.

Məktəbin həyətində futbol, basketbol və voleybol meydançası inşa olunub, abadlıq işləri aparılıb.

Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatı Vahid Əhmədov, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov və Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov çıxış edərək, qəsəbə sakinlərini yeni təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik ediblər.

Çıxışlarda bildirilib ki, Zərdabi qəsəbəsində ən müasir tələblərə cavab verən məktəb binasının inşası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısının bariz nümunəsidir.

Çıxışlarda Vətən müharibəsində qazanılan şanlı Zəfər tarixindən, qəhrəman döyüşçülərimizin şücaətindən danışılıb.

Qəsəbə ağsaqqalı Vahid Əliyev, məktəbin müəllimi Esmira Qurbanova, şagirdlər və sakinlər bütün zəruri avadanlıqla təmin edilən yeni məktəbin istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Teqlər: