Qoşulmama Hərəkatının əmək nazirlərinin Bəyannaməsi qəbul olunub (FOTO)

Beynəlxalq Əmək Konfransının 110-cu sessiyası çərçivəsində
Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin əmək
nazirlərinin videokonfrans formatında iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Əmək və
əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə
keçirilən iclas COVID-19 kontekstində Qoşulmama Hərəkatı
ölkələrində ortaya çıxan çağırışlarla bağlı sosial sahədə, habelə
əmək bazarı və əmək hüquqlarının təminatı, işçilərin, həssas
qrupların sosial müdafiəsi ilə bağlı fəaliyyət istiqamətlərinə həsr
olunub.

S.Babayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) layiqli əmək
konsepsiyasına əsaslanan sosial ədalətin bərqərar edilməsinin
Qoşulmama Hərəkatı üçün də ən mühüm istiqamətlər olduğunu, 60 ildir
fəaliyyət göstərən Hərəkatın əhəmiyyətinin son zamanlar yeni
çağırışlarla daha da artdığını qeyd edib.

Nazir Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində
pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsində ardıcıl
səylərini diqqətə çatdırıb. Ölkəmizin təşəbbüsü olan, Qoşulmama
Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal
çıxışının təmin edilməsinə dair qətnamənin ötən ilin mart ayında
BMT-nin İnsan Hüquqları Şurasında qəbul edildiyini bildirib.

Nazir Azərbaycanın pandemiya ilə mübarizə üçün Qoşulmama
Hərəkatına üzv dövlətləri də daxil olmaqla 30-dan çox ölkəyə
humanitar və maliyyə yardımı etdiyini, Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi,
bir sıra ölkələrə təmənnasız olaraq peyvəndlər verdiyini və s.
bildirib.

Azərbaycanda əldə olunan nailiyyətləri qeyd edən S.Babayev son 3
ildə ölkəmizdə 4 milyon insanı əhatə edən 3 sosial islahat paketi
həyata keçirildiyini, əlavə olaraq illik 6 milyard manat (təqribən
3,5 milyard ABŞ dolları) vəsait ayrıldığını deyib. Həmin dövrdə
sosial müavinətlərin 2,7 dəfə, minimum pensiyanın 2,2 dəfə, orta
pensiyanın 75 faiz, minimum əmək haqqının 2,3 dəfə, əmək haqqı
fondunun 2,2 dəfə artdğını bildirib.

Yeni istifadəyə verilən “Əmək və məşğulluq” e-sisteminin
əhəmiyyətini, 154 növ sosial xidmətin vahid platformadan şəffaf və
operativ şəkildə təqdim edildiyi DOST mərkəzlərinin yüksək vətəndaş
məmnunluğu əldə etdiyini diqqətə çatdırıb. Əmək, məşğulluq, sosial
müdafiə üzrə 110 xidmətin tam avtomatlaşdırıldığını, onların
yarısısının proaktiv xidmətlər olduğunu bildirib.

S.Babayev 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın otuz
illik işğalından azad edildiyini, Ermənistan tərəfindən xarabalığa
çevrilmiş həmin ərazilərdə smart konsepsiyalar əsasında aparılan
yenidənqurma və bərpa işlərini diqqətə çatdırıb.

Daha sonra iclasın gündəliyi qəbul edilib, BƏT-in Baş Direktoru
Qay Rayderin, üzv dövlətlərin nümayəndələrinin çıxışları olub,
ümumi müzakirələr aparılıb. İclasın yekunu olaraq Qoşulmama
Hərəkatının əmək nazirlərinin Bəyannaməsi qəbul edilib.

Bəyannamədə COVID-19-un mənfi təsirlərinin aradan qaldırılması
istiqamətində birgə səylərin artırılmasının, həmrəyliyin, əmək
bazarı islahatlarının davam etdirilməsinin, xüsusilə həssas
qrupların əmək bazarına inteqrasiyasının gücləndirilməsinin xüsusi
önəmi ifadə edilir. Əmək, məşğulluq, sosial müdafiə sahələrində
innovativ yeniliklərin, rəqəmsal platformaların və əlaqəli
texnoloji yeniliklərin geniş şəkildə tətbiqinin, sosial dialoqun,
yeni strategiyaların hazırlanmasının əhəmiyyəti, aktiv məşğulluq
proqramlarının genişləndirilməsi zərurəti və s. qeyd edilir. Əmək
bazarı islahatlarında BƏT-lə fəal əməkdaşlıq təşviq olunur.

Teqlər: