Qohumunun evindən bank kartları oğurlayan şəxs saxlanılıb (FOTO)

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən
yaşadığı ünvandan ona məxsus planşet, telefon, fotoaparat, bank
kartları və içərisində pul olan pulqabının oğurlandığını
bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə,
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni
törədən şəxsin ev sahibinin qohumu, əvvəllər də oğurluğa görə
məhkum edilmiş Mingəçevir şəhər sakini İsmayıl Tahirov şübhəli şəxs
qismində saxlanılıb. O, törətdiyi əməlini etiraf edib, oğurladığı
bank kartları və əşyalardan bir neçəsi ondan maddi sübut kimi
götürülüb.

Aparılan istintaq zamanı məlum olub ki, həmin şəxs evdə heç
kimin olmamasından istifadə edərək ora daxil olub və oğurluğu
etdikdən sonra Bakı şəhərinə gedib. Oğurladıqlarının bəzilərini
paytaxtda dəyərindən ucuz qiymətə sataraq əldə etdiyi pulu
xərcləyib.

Faktla bağlı cinayət işi başlanılıb və İsmayıl Tahirov barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: