Qapalı məkanlarda maska tələbi ləğv oluna bilər? – AÇIQLAMA

Hazırda bir çox ölkələrdə yoluxma sayı azaldığı üçün karantin
qaydaları yumşaldılıb, maska tələbi ləğv edilib. Azərbaycanda
pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa da, maska
və COVID pasportu ilə bağlı tələblər qüvvədədir. Epidemioloji
göstəricilər nəzərə alınaraq ölkəmizdə də maska tələbi ləğv oluna
bilər?

Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan
Nümayəndəliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
COVID-19 xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində
tətbiq olunan karantin qaydaları bir sıra ölkələrdə epidemioloji
vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq yumşaldılsa da,
unutmayaq ki, virus hələ də bizimlədir.

“Maskadan istifadə və digər məhdudiyyətlərlə bağlı qərarlar
epidemioloji vəziyyət nəzərə alınaraq verilir. Maska taxmaq
xüsusilə qapalı yerlərdə virusa yoluxmanın qarşısını almaq üçün
vacibdir. Bu səbəbdən hələ də bir çox ölkələrdə ictimai nəqliyyat
kimi əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə qərarı
qüvvədədir. Azərbaycanda maskadan istifadə ilə bağlı hər hansı
qərarın qəbulu qarşıdakı müddətdə yoluxma hallarının sayından asılı
olaraq veriləcək”, – deyə qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın
aprelin 5-nə olan məlumatına görə, Azərbaycanda koronavirus
(COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44
nəfər sağalıb, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat
edib.

Azərbaycanda indiyədək isə ümumilikdə 792 103 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 782 084 nəfər müalicə olunaraq
sağalıb, 9 700 nəfər vəfat edib, aktiv xəstə sayı 319 nəfərdir.

Teqlər: