“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə! (FOTO)

Xəbər - Trend6

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi
və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu
bu dəfə təhsil sahəsinə töhfə verərək, tələbələr üçün sosial aksiya
həyata keçirdi. Bununla bağlı 14 fevral – Beynəlxalq Kitab
Bağışlama Günü ərəfəsində Gəncə şəhərində yerləşən Azərbaycan
Dövlət Aqrar Universitetində tədbir həyata keçirildi.

Tədbir zamanı universitetin kitabxanasına biologiya elmi
öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur “Campbell
Biologiya” kitabı təqdim edildi. “Habitat Tərcümə Layihəsi”
çərçivəsində tərcümə edilən və Fond tərəfindən nəşr olunan
“Campbell Biologiya” kitabını universitetin müəllim və tələbələri
istifadə edə biləcəklər.

Mərasimdə “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda
Haqverdiyeva, universitetin rektoru, kənd təsərrüfatı elmləri
doktoru, professor İbrahim Cəfərov, molekulyar mikrobioloq,
genetik, “Habitat Tərcümə Layihəsi”nin həmtəsisçisi Araz Zeyniyev
iştirak və çıxış etdilər. Təqdimat zamanı qəbul imtahanlarında
yüksək bal toplayan 4 tələbəyə kitablar və Fond tərəfindən
hədiyyələr təqdim edildi.


“Bu kitab biologiyanın tədris proqramına daxil olduğu bütün
ixtisaslarda geniş istifadə olunur. Layihə çərçivəsində kitabın
Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim
və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri
arasında pulsuz paylanması nəzərdə tutulub. “Campbell Biologiya”
indiyə qədər alman, fransız, italyan, türk, fars kimi dillər də
daxil olmaqla dünyanın 19 dilinə tərcümə olunub. Çox qürurverici
haldır ki, bizim gənc alimlərimiz biologiya sahəsində olan
biliklərə ana dilimizdə yiyələnə biləcəklər. Əminəm ki, kitab
ölkəmizdə biologiya elminə maraq göstərən hər kəsə fayda
gətirəcək”, – deyə, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda
Haqverdiyeva bildirdi.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın
könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi
fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə,
sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil
olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları
və digər maraqlı məlumatları əldə etmək olar.

Teqlər: