“Qırmızı Ürəklər” Fondu yeni ekoloji layihəyə başlayıb (FOTO)

“Qırmızı Ürəklər” (Red Hearts) Fondu, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Bravo marketlər şəbəkəsi ilə birgə
“Batareyaları təhvil ver, təbiəti qoru” adlı yeni layihəyə start
verib. Layihə çərçivəsində istifadəyə yararsız elektrik
batareyalarının toplanması həyata keçirilir.

İstifadə edilmiş batareyalar üçün ilkin olaraq Gənclik Mall,
Əhmədli qəsəbəsi, 20 yanvar m/s, Koroğlu m/s, 28 Mall, Dəniz Mall
və Zefir Mall-da olan Bravo marketlərində xüsusi qutular
yerləşdirilib. Layihə işlənmiş batareyaları digər tullantılardan
ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi
təsirlərini minimuma endirmək məqsədi daşıyır. Gələcəkdə analoji
qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi
planlaşdırılır.

Vətəndaşlar tərəfindən məişətdə istifadə olunan batareyalar
toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil veriləcək. Ətraf
mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın
təşviqi, tullantıların azaldılması, işlənmiş batareya
tullantılarının zərərli təsirlərinin qarşısının alınması və
səmərəli idarə olunması cəhətdən olduqca vacib olan və
maarifləndirici məqsəd daşıyan bu layihə ətraf mühitin qorunmasına
kömək edəcək.

Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital
Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda
Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə,
sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil
olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları
və digər maraqlı məlumatları əldə etmək olar.

Teqlər: