Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq – Sadır Japarov

Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji
tərəfdaşlıq səviyyəsinə çatdırdıq.

Trend xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti
Sadır Japarov aprelin 20-də Prezident İlham Əliyevlə birgə mətbuata
bəyanatla çıxışı zamanı deyib.

Qırğız dövlət başçısı bildirib:

“Biz indicə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinə
dair məzmunlu danışıqlar apardıq, beynəlxalq və regional mövzulara
dair fikir mübadiləsi etdik. Danışıqlar dövlətlərimiz arasında
qardaşlıq münasibətlərini səciyyələndirən tam qarşılıqlı anlaşma,
səmimiyyət və etimad şəraitində keçdi. Biz dostluq əlaqələrinin
fəallaşması və genişlənməsi kursunun dəyişməzliyini təsdiq etdik.
Bu gün biz Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri
strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq
Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və
tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni
mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq. Bizim
hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi
dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və
inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata
keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da
genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız
arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün
olmazdı”.

Teqlər: