Azərbaycanda Kino Agentliyi publik hüquqi şəxs yaradılır – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino
Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman
imzalayıb.

AzerTimes xəbər verir ki, Fərmana
əsasən, Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində dövlət
siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan
kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin
edilməsi, yerli istehsal və yayım infrastrukturunun
müasirləşdirilməsi məqsədilə qərara alınır:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra –
Nazirlik) tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi”
publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın.

Müəyyən edilsin ki:

– Agentlik Azərbaycan Respublikasında kinematoqrafiyanın
inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının
dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili,
kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının
fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni
informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların
tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının
dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət
göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini
idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik
hüquqi şəxsdir;

– Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata
keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən
ibarət Müşahidə Şurası yaradılır;

– Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata
keçirir.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi
aşağıdakılara həvalə edilsin:

– Azərbaycan Respublikasının Prezidentinə:

– Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun
miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

– Agentliyin idarəetmə orqanlarının yaradılması;

– Agentliyin yenidən təşkili və ləğvi;

Nazirliyə:

– bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla,
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun
8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin
səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət
büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr
hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– iki ay müddətində:

– Agentliyin nizamnaməsinin layihəsini və nizamnamə fondunun
miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;

– Agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat
məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görsün;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Nazirlik:

– Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi
təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər
görsün;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Teqlər: