QHT təmsilçiləri Gəncədə Ermənistanın raket zərbəsi nəticəsində dağılan ərazilərə baş çəkib (FOTO)

Gəncə. Trend:

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Gəncə şəhərinə səfər edib.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı təşkil olunan səfər 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməsinin ağır nəticələrinin birinci ildönümünə həsr olunub.

Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər. Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Ermənistanın Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.

Teqlər: