Qeyri-formal məşğulluqla mübarizə tədbirləri müzakirə edilib

Xəbər - Humay Ağacanova – Trend:

Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı
ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və
Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda dövlət
başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər
Planı” çərçivəsində 2021-ci il ərzində görülən işlər, əldə edilən
nəticələr, qarşıda duran vəzifələr müzakirə edilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və
Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-formal
məşğulluğun qarşısının alınması sahəsində 2021-ci il ərzində
görülmüş işlər, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.
Komissiyanın sədri hesabat dövründə “Azərbaycan Respublikasında
qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər
Planı” üzrə tapşırıqların icrası ilə bağlı fəaliyyətin davam
etdirildiyini bildirib, bu sahədə qəbul edilmiş qanunvericiliyin
icrasına nəzarət, formal məşğulluğun təşviqi, maarifləndirmə,
elektron nəzarət sistemlərinin qurulması və digər istiqamətlərdə
tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, Azərbaycan
Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamına
əsasən cari ilin yanvarın 1-dən minimum əməkhaqqının məbləğinin 300
manata çatdırılmasının əhalinin sosial rifahının qorunması, muzdla
işləyən şəxslərin layiqli əmək şəraitinin təmin edilməsi, eləcə də
işçilərin formal məşğulluğa təşviqinə xüsusi töhvə verdiyini, işçi
qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını
stimullaşdırdığını diqqətə çatdırıb.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini,
Qanunvericilik və idarəetmə üzrə İşçi qrupun rəhbəri Anar Əliyev
tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial
təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin
rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və monitorinqin
təşkili ilə bağlı məlumat verib. Rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Rəhman Hümmətov avtomobil nəqliyyatı sahəsində
qeyri-formal məşğulluq halları barədə, bununla mübarizə sahəsində
görülən işlər haqqında çıxış edib.


Müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyev çıxış edərək müzakirə olunan məsələlərə münasibət
bildiriblər.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası
Komissiyasının 2021-ci il üzrə fəaliyyətinə dair dövlət başçısına
təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul
olunub.

Komissiyanın sədri qarşıda duran vəzifələrin icrası, o cümlədən
formal məşğulluğun təşviqi istiqamətində maarifləndirmə
tədbirlərininın gücləndirilməsinə dair tapşırıqlar verib.

Teqlər: