Bakı Trend:
22 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM)
tərəfindən II və III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə
keçirilən qəbul imtahanında 6 nəfərdə mobil telefon 1 nəfərdə isə
“ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Sözügedən
6 nəfərin növbəti imtahanda iştirakı da məhdudlaşdırılacağı
bildirilib.
Abituriyentin yaddaş kitabçasında qeyd edilir ki, göstәrilәn
hәrәkәtlәrә yol verilmәsi halları aşkar edildikdә o, imtahandan
xaric olunur vә onun imtahan nәticәlәri DİM tәrәfindәn lәğv olunur.
Növbəti imtahanda iştiraka məhdudiyyətlə bağlı hər hansı bir qeyd
göstərilməyib. Sözügedən 6 nəfərin növbəti imtahanda iştirakı da
məhdudlaşdırılması hansı qaydalara əsasən aparılacaq?
Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
imtahanın gedişatını pozan hərəkətlərə yol verdiyi aşkar edilən
abituriyentin həm müsabiqə, həm imtahan nəticələri ləğv
edildiyindən, həmin abituriyentlərin imtahanın ikinci cəhdinə
buraxılması heç bir hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, onların
müsabiqə nəticələri, yəni müsabiqədə iştirakı ləğv edilir.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Trend-in suallarını cavablayarkən qeyd edib ki,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral
tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları
və DİM tərəfindən hər bir abituriyentə verilən yaddaş kitabçasında
bildirilir ki, imtahan iştirakçısı kənar köməkçi vasitələri
imtahana gətirməməlidir və imtahanın gedişini pozan hərəkətlətə yol
verməməlidir. Bunlar baş verərsə, o imtahan iştirakçısının nəticəsi
ləğv olunur.
“Qəbul qaydalarında qeyd olunur ki, (6.5.) Abituriyentin bu
Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi
halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan)
nəticələri ləğv edilir. Yəni həmin imtahan nəticəsi. Daha növbəti
imtahana buraxılmağa məhdudiyyət yoxdur. Onlar 16-17 yaşlı
uşaqlardır. Bəli, səhv ediblər. Amma bu o demək deyil ki, onların
təhsil alma hüquqları tam şəkildə məhdudlaşdırılmalıdır. Ona görə
də DİM-in ötən gün açıqladığı qayda pozan abituriyentlərin ikinci
dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq ifadəsi yanlışdır”,
– deyə ekspert əlavə edib.