Baş prokuror Koreyanın səfiri ilə görüşüb (FOTO)

Mayın 24-də Baş prokuror Kamran Əliyev Koreya Respublikasının
Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Li In-Yonq ilə
görüş keçirib.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, Kamran Əliyev
ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən siyasi, mədəni,
humanitar və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini qeyd
edib.

Baş prokuror ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə
prokurorluq orqanlarında həyata keçirilən islahatlar, müasir
normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin
öyrənilməsi istiqamətində görülən işlər barədə səfirə ətraflı
məlumat verib.

Koreya ilə uğurla davam edən səmərəli hüquqi əməkdaşlıqdan
məmnunluq ifadə edən Baş prokuror Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyi (KOICA) tərəfindən həyata keçirilən layihələrin
təqdirəlayiq olduğunu bildirib. Qarşılıqlı tədris səfərlərinin
təşkili, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən
korrupsiyaya qarşı mübarizə və aktivlərin bərpası sahələrində
təcrübənin öyrənilməsinin vacibliyi qeyd olunaraq, prokurorluqlar
arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması
müzakirə olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Li In-Yonq
ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla əlaqələrin
əhəmiyyətini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə
dinamik inkişaf etdiyini qeyd edib.

Səfir ölkələrimizin hüquq mühafizə orqanları arasında faydalı
əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edərək
bu istiqamətdə zəruri tədbirlərin həyata keçiriləcəyini
vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə
edilib.

Teqlər: