Qazaxıstan və Azərbaycan arasında logistika sahəsində əməkdaşlığa dair saziş imzalanıb (FOTO)

Qazaxıstanın Nur-Sultan şəhərində “Qazaxıstan Dəmir Yolları”
SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və “Azərbaycan
Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında görüş
olub.

QSC-dən AzerTimes-a bildirilib ki, görüşdə Beynəlxalq Transxəzər
Nəqliyyat Marşrutu (BTNM) üzrə multimodal daşımaların gələcək
inkişafına dair müzakirələr aparılıb. Tərəflər marşrut üzrə keçid
qabiliyyətinin artırılması və tranzit vaxtının azaldılması
istiqamətində görülən işlərin gücləndirilməsinin vacibliyini qeyd
ediblər.

Görüşün yekununda hər iki ölkənin dəmir yolu qurumları
rəhbərləri tərəfindən logistika sahəsində birgə layihələrin həyata
keçirilməsi istiqamətində əməkdaşlığa dair saziş imzalanıb.

Məlumat üçün bildirək ki, 2021-ci il üçün BTNM marşrutu üzrə
daşımaların həcmi 586,2 min ton, konteynerlərin daşınması 25 270
TEU olub. 2022-ci ilin yanvar-mart aylarında həmin marşrut üzrə
266,3 min ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 123% çoxdur. Konteyner daşımaları 5847 TEU təşkil edib.
Bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 19%
çoxdur.

Teqlər: