Qaxda axtarışda olan narkotacir tutulub (FOTO)

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
satışı ilə məşğul olan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən
tədbir zamanı Şəki rayon sakini, başqa bir cinayət əməlinə görə
məsuliyyətindən yayındığı üçün barəsində 2020-ci ildən axtarış elan
edilmiş Səxavət Əliyev şübhəli şəxs qismində saxlanılıb.

İlkin araşdırma zamanı onun Şəki rayonundan Qaxa gələrək burada
narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. O,
ifadəsində əməlini etiraf edib və narkotik vasitəni Ağyazı kəndi
ərazisindəki körpünün altında gizlətdiyini bildirib. S.Əliyevin də
iştirakı ilə polis əməkdaşları tərəfindən həmin əraziyə baxış
keçirilib və oradan sellofan torbada, eləcə də kibrit qutularında
ümumi çəkisi yarım kiloqrama yaxın qurudulmuş marixuana
aşkarlanaraq götürülüb.


Faktla bağlı cinayət işi başlanılıb və S.Əliyev barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: