Qarabağın ekoloji qiymətləndirilməsi layihəsinin yekun tədbiri keçirilib (FOTO)

4 mart tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilmiş “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş
ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihənin
yekunlarına həsr edilmiş toplantı keçirilib.

İctimai Birlikdən AzerTimes-a bildirilib ki, Bakı Konqres Mərkəzində baş
tutan tədbirdə layihənin gənc iştirakçıları ilə yanaşı IDEA İctimai
Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan
Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin (ANAMA) təmsilçiləri, eləcə də media
nümayəndələri iştirak ediblər.

Tədbir zamanı ekoloji qiymətləndirilmənin yekun nəticələrinə
dair hesabatın təqdimatı keçirilib. Hesabatda Qarabağın işğaldan
əvvəlki vəziyyətinə nisbətən hazırkı ekoloji durumuna dair əldə
edilmiş məlumatlar əks olunub. Həmçinin toplantıda layihə
çərçivəsində görülmüş işlərə həsr edilmiş video çarx nümayiş
etdirilib.

Daha sonra gənclərə uğurla həyata keçirilən layihədə iştirak
üçün sertifikatlar, eləcə də Qarabağın ekoloji qiymətləndirilməsi
prosesinə töhfələrinə görə təşəkkürnamə və xatirə hədiyyələri
təqdim edilib.

Məlum olduğu kimi, Dağlıq Qarabağ və onun ətrafındakı rayonların
Ermənistan tərəfindən 30-illik işğalı nəticəsində Azərbaycanın
təbiətinə ciddi ziyan vurulmuşdur. Ərazilərin yandırılması, su
resurslarının çirkləndirilməsi, meşələrin, təbiət abidələrinin və
ümumiyyətlə yeraltı və yerüstü təbii sərvətlərin talan edilməsi
nəticəsində regionun ekoloji tarazlığı pozulmuşdur.

İşğaldan azad olunmuş ərazilərin, o cümlədən təbii
sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi
istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılmaqdadır. Bu
tədbirlərə gənc ekoloqların cəlb edilməsi məqsədilə IDEA İctimai
Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan
Gənclər Fondu tərəfindən “Gənclərin Azərbaycanın işğaldan azad
olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı
birgə layihəyə start verilmişdir.


Layihədə iştirak üçün təbiət elmləri sahəsində təhsili olan və
bu sahədə fəaliyyət göstərən 300-dən çox gəncdən müraciətlər daxil
olmuş, onlardan 60 nəfər müsahibə əsasında seçilmişdir.
İştirakçılar 6 istiqamət, o cümlədən bioloji müxtəliflik,
geologiya, su ehtiyyatları, meşələrin qorunması, hidrometeoroloji
və monitorinq xidməti, topoqrafiya və xəritəçəkmə üzrə qruplara
bölünmüşdür. Ərazilərə səfərlərdən öncə müvafiq istiqamətlər üzrə
nəzəri mühazirələr təşkil edilmişdir. Həmçinin, keçmiş münaqişə
zonasında çalışmağın potensial təhlükələrini nəzərə alaraq,
sağlamlıq və təhlükəsizlik təlimləri keçirilmişdir.

Növbəti mərhələdə gənc ekoloqların Cəbrayıl, Füzuli, Qubadlı,
Xocavənd, Zəngilan, Ağdam və Şüşa daxil olmaqla işğaldan azad
edilmiş ərazilərə çoxsaylı səfərləri təşkil edilmişdir. Səfərlər
zamanı onlar sözügedən ərazilərdə aparılan ekoloji
qiymətləndirilmədə, o cümlədən xüsusi cihaz və qurğularla havada
olan radiasiya fonu, suyun keyfiyyəti, torpağın analizi və s.
proseslərdə iştirak etmiş, işğal nəticəsində törədilmiş ekosidi
əyani şəkildə görmüşlər.

“Qarabağı qoru” şüarı altında həyata keçirilən layihənin gənc
iştirakçıları ekoloji qiymətləndirilmə və monitorinq üzrə bilik və
təcrübələrini artırmaq, eyni zamanada azad olunmuş ərazilərdə bərpa
və mühafizə işlərinə töhfə vermək imkanı əldə etmişlər.

Aparılmış müşahidə və təhlillər əsasında əldə edilən
məlumatların geniş maarifləndirmə və təbliğat işlərində istifadə
olunması nəzərdə tutulur.

Teqlər: