Naxçıvanda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib

Komandir heyətinin bilik, bacarıq və vərdişlərinin
təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanıldığı Naxçıvan
Qarnizonu Qoşunlarında tabor, divizion komandirləri və müavinləri
ilə komandir hazırlığı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci
tədris ilinə uzlaşma planı”na əsasən keçirilən komandir hazırlığı
məşğələlərində əsas diqqət zabitlərin bölmələri idarəetmə
bacarıqlarının təkmilləşdirilməsinə və keçirilən tədbirlərin
təşkilinə yaradıcılıqla yanaşılmasında özünəinam hissinin
aşılanmasına yönəldilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki
Müdafiə Alayında və Xüsusi Riskli Xilasetmə Xidmətində keçirilən
məşğələlərdə yanğınsöndürmə avtomobillərinin və yanğın-texniki
avadanlıqlarının, xilasedici qayıqların və digər vasitələrin
taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, texniki xidmət
və təmiri haqqında, xilasedici dalğıclar qrupunun dalğıc
avadanlıqlarından istifadəsi qaydaları barədə məlumat verilib.
Qəzaların aradan qaldırılması, yanğınların aşkar edilməsi və
söndürülməsi, şəxsi heyətin, silah və texnikanın, əmlakın
mühafizəsi və təhlükəsiz təxliyyəsi üzrə keçirilən məşğələlər
zamanı beynəlxalq təlimlərdə qazanılan təcrübənin tətbiqi ilə
axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin
aparılması ardıcıllığı, qayda və üsulları praktiki olaraq
göstərilib.
Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir
hazırlığı məşğələlərində Vətən Müharibəsi zamanı qazanılmış
təcrübəyə əsasən taktiki-sıra məşğələlərinin təşkili və
hazırlanması metodikası göstərilib, əməliyyat-taktiki
hesablamaların aparılmasının qoşunların fəaliyyətinin
planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi qeyd
edilib.
Müasir tank texnikalarının gecə və gündüz şəraitində döyüşdə
tətbiqi ilə minalı sahələrdən və maneələrdən keçməklə şərti
düşmənin atəş zərbələrindən qorunması və atəş tapşırıqlarını yerinə
yetirməsi praktiki olaraq göstərilib.
Birləşmə, hissə və bölmələrin maddi-texniki vasitələrlə təmin
edilməsi ilə yanaşı döyüş sahəsindən və təbii maneələrdən
zədələnmiş texnikanın təxliyəsi, yenidən istifadəyə hazır vəziyyətə
gətirilməsi və təmir emalatxanalarının fəaliyyəti sualları
işlənilib.
Məşğələlərin yekununda zabitlərin məşğələ və təlimlərin keçirilməsi
üzrə hazırlıqlarında müsbət nəticələr əldə edildiyi, qarşıya
qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq bölmələrin döyüş
hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar
verilib.

Teqlər: