Qarabağda sahibkarlıqla məşğul olmaq üçün 100-dən çox türk şirkəti müraciət edib – Orxan Məmmədov

Qarabağ bölgəsində turizm, kənd təsərrüfatı, dağ-mədən və
hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji
kimi potensial sektorların yenidən canlandırılması, habelə bölgədə
yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması
istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə ilə
əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd
edir.

AzerTimes-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov
“Azərbaycan- Türkiyə İş Adamları” İctimai Birliyinin Ümumi
yığıncağında çıxışı zamanı bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıqla
məşğul olmaq ilə bağlı KOBİA-ya mindən artıq yerli və xarici
şirkətlərdən müraciətlər daxil olub.

“Sevindirici haldır ki, daxil olmuş xarici müraciətlərin
əksəriyyəti Türk şirkətlərinə məxsusdur və onların sayı 100-dən
çoxdur. Müraciətlər əsasən tikinti, sənaye, turizm, ticarət və
xidmət, kənd təsərrüfatı və digər sahələri əhatə edir.

Ümumilikdə, dövlətin müəyyənləşdirdiyi prioritet sektorlarda
qarşılıqlı investisiya qoyuluşu üçün potensial imkanlara dair
KOB-ların məlumatlandırılması və Türkiyə iş adamları ilə birgə
müəssisələrin yaradılması istiqamətində əməkdaşlıq imkanları
genişdir.
Əminəm ki, birgə səylərimiz ilə iki qardaş dövlət arasında biznes
əlaqələrinin daha da inkişafına və qarşıya qoyulmuş hədəflərə nail
olacağıq. ATİB də öz səmərəli fəaliyyəti ilə müvafiq sahədə bundan
sonra öz töhfəsini verəcəkdir “- deyə O.Məmmədov qeyd edib.

Teqlər: