Qarabağ necə böyük qətiyyət və qəhrəmanlıqla azad edilibsə, eyni əzmlə də yenidən qurulur – Sahil Kərimli

Fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti Qarabağda tarix
yazmaqda davam edir. Azad edilmiş ərazilərimiz sıfırdan qurulur,
sürətlə bərpa edilir. Bu tarixi proseslərə şahidlik etmək, azad
Qarabağın yenidən qurulmasını, keçmiş məcburi köçkünlərin öz
yurdlarına qayıtmasını izləmək Azərbaycan xalqına böyük qürur
verir.

Bunu Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil
Kərimli bildirib.

O, əlavə edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və
birinci xanım Mehriban Əliyevanın Zəngilanın Ağalı kəndində “Ağıllı
kənd” layihəsini istifadəyə verməsi və kəndin ilk sakinləri ilə
görüşü müasir tariximizin qürurlu səhifələrindən biridir:

“Azərbaycan xalqı son illər möhtəşəm tarixi günlər yaşayır. 44
günlük Vətən Müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin liderliyi ilə tarixi Zəfər qazanıldı. Daha sonra isə
azad edilmiş ərazilərin bərpasına start verildi. Ötən dövr ərzində
Qarabağ və Şərqi Zəngəzurda inanılmaz bərpa işləri həyata
keçirilib. Tarixi torpaqlarımızda nəhəng layihələr reallaşdırılıb.
Bütün bunlar hər birimizi heyrətləndirir, sevindirir”.

S.Kərimli bildirib ki, Qarabağda genişmiqyaslı işlərin həyata
keçirilməsi Azərbaycan dövlətinin iqtisadi gücünü, Prezident İlham
Əliyevin siyasi iradəsini, qətiyyətini nümayiş etdirir.

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın
Füzuli, Zəngilan və Cəbrayıl rayonlarına səfəri iki gündür ki, ölkə
ictimaiyyətinin xüsusi diqqət mərkəzindədir. Keçmiş məcburi
köçkünlər uzun illərin həsrətindən sonra öz doğma yurdlarına
qayıdır. Özü də ən müasir “ağıllı kənd”lərə, hər bir şəraitlə
təchiz edilən yeni yaşayış məntəqələrinə. Xüsusi vurğulamaq
lazımdır ki, bütün işlər Azərbaycan Prezidentinin ciddi nəzarəti
altında, mərkəzləşdirilmiş qaydada, sürətlə və ən müasir
texnologiyalar əsasında aparılır. Bu onun göstəricisidir ki,
Prezident və xanımı azad edilmiş ərazilərin bərpasında müasirliyə
son dərəcə böyük önəm verir. Azərbaycan xalqı öz tarixi
torpaqlarına sahib çıxır, şəhərlərimiz, kəndlərimiz necə böyük
qəhrəmanlıq və qətiyyətlə işğaldan azad edilibsə, eyni əzm və
həvəslə də yenidən qurulur”, – deyə o əlavə edib.

Teqlər: