Bakı-Quba-Rusiya yolunda yenidənqurma işləri davam etdirilir (FOTO)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı
istiqamətində deformasiyaya uğramış 66 kilometrlik hissəsinin (km
52+000 km 118+000) yenidən qurulması işləri 2022-ci ilin iş planına
daxil edilərək icrası sürətlə davam etdirilir.

Agentlikdən
Trend
-ə verilən məlumata görə, aparılan işlər zamanı yolun
hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri,
yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu
işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq
çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə
qədər dərinlikdə icra olunur.

Daha sonra qazılmış əraziyə yararlı qrunt tökülür və xüsusi
texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülür, yeni
yol yatağı inşa edilir. Yol yatağı hazır olan ərazilərdə qırmadaş
layı döşənərək yeni yol əsasının tikintisi aparılır. Kipləşdirmə
dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın
köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılır.
Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri
davam etdirilir.

Torpaq işləri yekunlaşdıqdan sonra “İnşaat Norma və Qaydaları”na
əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi
planlaşdırılır.

Qeyd edilən yenidənqurma işləri aparılması ilə Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən
hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz
hərəkətinə maneə yaradan problemləri tam olaraq aradan
qaldırılacaq.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7
hissə üzrə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat
vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa
işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat
vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz
təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb,
müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol
nişanlarının quraşdırılması işləri aparılıb.

Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına
anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli
olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti
qaydalarına riayət etmələri xahiş olunur.

Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi
istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması
nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə
etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara
sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.

Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər
yekunlaşdırılması planlaşdırılır.

Teqlər: