Qarabağ Dirçəliş Fonduna “İmprotex” tərəfindən ianə edilən yeni texnika Şuşa Qoruğuna təhvil verilib (FOTO)

17 aprel 2022-ci il tarixində Qarabağ Dirçəliş Fonduna
“İmprotex” şirkətlər qrupu tərəfindən ianə edilən texnikalar Şuşa
Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib.

Qarabağ Dirçəliş Fondunun donoru olan “İmprotex” şirkətlər qrupu
tərəfindən bir ədəd 10 tonluq mobil yanacaqdoldurma çəni və
yanacaqdoldurma məntəqələrinin daşınması üçün bir ədəd “Hattat”
markalı traktor Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev və
şirkətin vitse-prezidenti Vüqar Ələkbərov tərəfindən Şuşada
aparılan bərpa-quruculuq və abadlıq işlərinə töhfə vermək məqsədilə
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun
Abbasova təhvil verilib.

Xatırladaq ki, bir müddət öncə “İmprotex” şirkətlər qrupu
tərəfindən Fonda ianə edilən bir ədəd “JAC N120” şassisi üzərində
quraşdırılan “Platepower 10” üst qurğulu tullantı daşıma
avtotexnikası və bir ədəd həmin şirkətin istehsalı olan 5 tonluq
mobil yanacaqdoldurma məntəqəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə
təhvil verilib.

Qarabağ Dirçəliş Fondu bu gözəl təşəbbüs üçün “İmprotex”
şirkətlər qrupunun rəhbərliyinə və bütün heyətinə təşəkkür edir və
hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və
yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın
yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.

Qeyd olunmalıdır ki, işğaldan azad edilən ərazilərdə bərpa və
yenidənqurma prosesinə dəstək verilməsi üçün donorların cəlb
edilməsi və ianəçilik mədəniyyətinin təşviqi Fondun fəaliyətinin
əsas istiqamətlərindəndir. Fond yarandığı gündən etibarən, bir çox
şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılan bərpa və
quruculuq işlərinə dəstək göstərmək məqsədilə QDF-ə ianə edib.

Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!

Teqlər: