Qarabağ atları britaniyalıların qəlbini fəth edir (FOTO)

Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının kral
ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor
Kral At­çılıq Şousu” 2022-ci ilin 12 may tarixində start
götürüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzerTimes-a verilən məlumata görə, 2012-ci
ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəl­xalq at­çılıq şousu
qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə
əhəmiyyətli platformaya çevrilmiş, nümayəndə heyəti­mizin hər il
nümayiş etdirdiyi bən­­zərsiz şou-proqramlar və performanslar bu
möhtəşəm tədbirin ayrıl­maz hissəsi kimi qəbul edilmişdir.

Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına
və məşhurlaşdırılmasına Azərbaycan Res­­publikasının Prezidenti
cənab İlham Əliyevin ali dəstəyi sa­yə­­sində son illər ərzində
mili at cinslərimizin Azərbaycan brendi kimi dünyada tanıdılması
istiqamə­tində əhəmiyyətli işlər görülür. Bu tədbirlər sırasında
“Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsünkar
gözəlliyinin nümayiş etdiril­mə­si xüsusi yer tutur.

Cari ildəki “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti
dəfə Döv­lət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı
təmsil et­miş­, artıq ənənəvi olaraq öz çıxışları ilə hər kəsi
valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarmışlar.
Təm­silçi­lərimizin milli geyimlərimizdə çıxışları xüsusilə
fərqlən­miş, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini
qazan­mışdır.

Cari ildə Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci
ildönümünə həsr olunmuş bu tədbir üçün nümayəndə heyətimiz
tərəfin­dən xüsusi olaraq “Odlar Yurdu” adlı şou-kompozisiya
hazırlanmışdır. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi
sərvətlərini ifadə edən bu kompozisiyanın əsasını artıq Vin­dzor
tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu
qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə
də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil
etmişdir.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq
Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın
quruluşçu rejissoru – Azər­baycan Respublikasının əmək­dar artisti
Nicat Kazımov, xoreoqrafı – Azərbaycan Respubli­kasının əməkdar
artisti Fərid İbrahimovdur.

Milli musiqi alətlərimiz tütək, zurna, balabanda ifa olu­nan
“Qarabağ cəngisi”nin bənzərsiz sədala­rından, “Sər­hədçi” rəqs
ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin
süvarilər dəstəsinin Qarabağ atları üzə­rin­də igidlik və hünər
nümunələrindən, alov püskü­rənlərin qeyri-adi perfo­manslarından
ibarət şou-kompozisiya Böyük Britaniya tama­şaçı­sını sözün əsl
mənasında ovsun­lamışdır. 6 dəqiqə davam edən şou müddətində
süvariləri­mizin başları üzərində Azərbaycan Respublikasının və
Böyük Britaniyanın dövlət bayraq­larını dalğalandırmaları diqqəti
xüsusi cəlb etmişdir.

Şou-proqram tədbir iştirakçıları tərəfindən böyük coşğu ilə
qar­şılanmış, böyük tamaşaçı kütləsinin zöv­qünü oxşamış,
tamaşaçılar ayağa qalxaraq təmsilçi­lərimizi sürəklə
alqış­lamışlar.

Teqlər: