Qalib xalqın nümayəndələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında Şuşada birləşdi

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V
Qurultayı – Zəfər Qurultayı işə başladı. Müzəffər Ali Baş Komandan
İlham Əliyev Qurultayda çıxış etdi. Dünya azərbaycanlılarının
öncəki qurultaylarında və digər çıxışlarında Prezident İlham Əliyev
Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirib. Bu
çıxışında da Müzəffər Ali Baş Komandan tarixi Zəfərə aparan yolu və
onun nəticəsini qələbə simvolumuz olan Şuşadan xalqa və qurultay
iştirakçılarına çatdırdı.

Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham
Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci
ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.

V qurultay isə Azərbaycanın mədəniyyət paytaxtı, Azərbaycanın
qazandığı tarixi zəfərin simvolu sayılan Şuşada keçirilir. Bu da
təsadüfi deyil. Prezident İlham Əliyevin gösətirişi ilə Dünya
Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı məhz Şuşada
keçirilir. Aprelin 23-də başa çatacaq Zəfər Qurultayında 65 ölkədən
400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayda
geniş nitq söylədi və bundan sonra Qurultay işini “Postmüharibə
dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr,
fəaliyyət planı/yol xəritəsi” və “Qarabağın bərpası və yenidən
qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda panel
iclasları ilə davam etdirib.

Dünya Azərbaycanılarının Şuşada keçirilən Zəfər Qurultayında
diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu.
Prezident İlham Əliyev Qurultayda öz nitqində bir çox məsələlərə
toxundu və dünya azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun
yol xəritəsi cızdı.

Zəfər Qurultayı ilə bağlı fikirlərini bölüşən Milli Məclisin
deputatı Afət Həsənova AzerTimes-a açıqlamasında
bildirib ki, 44 günlük müharibədə tarixi Zəfərdən sonra dünya
azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin çox böyük
tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu gün dünya
azərbaycanlıları qalib xalqın nümayəndələri kimi qürurla azad
Şuşamızda toplaşır. Bu eyni zamanda Azərbaycan dövlətinin gücünün
və dünya azərbaycanlılarının möhkəm həmrəyliyinin təzahürüdür.

Deputat əlavə edib ki, Azərbaycan xalqı üçün böyük mənəvi
əhəmiyyət kəsb edən Şuşa şəhəri 30 il müddət ərzində erməni işğalı
altında qalıb. “Əlbəttə Şuşa şəhərinin və digər ərazilərimizin
erməni işğalında olması xalqımız üçün çətin dövr olub, xalqımız hər
zaman o ərazilərə geri dönəcəyinə inamla yaşayıb. Artıq bu gün
vəziyyət tamam başqadır, ümid və inamla yaşayan xalqımız artıq
qalıb xalq kimi o əraziləri ziyarət etməyin sevincini yaşayır.

44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 illik işğala son qoymaqla
ərazi bütövlüyümüzü bərpa etdi, insanlarımızın 30 illik həsrəti,
intizarı sona çatdı. Bu gün azad Şuşamız qürurla beynəlxalq
tədbirlərə ev sahibliyi edir, mədəniyyət paytaxtımız Şuşa şəhərində
bu tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb”, – deyə
A.Həsənova əlavə edib.

Deputat qeyd edib ki, Dünya Azərbaycanlılarının V qurultayının
Şuşa şəhərində keçirilməsi eyni zamanda bütün dünyada yaşayan
soydaşlarımızda böyük inam və ruh yüksəkliyi yaradıb. “Dünyanın
dörd dərəfindən soydaşlarımız böyük həvəslə mədəniyyət paytaxtımıza
üz tutublar.

Onların budəfəki qurultaya qalib xalqın nümayəndələri kimi doğma
Şuşamızda qatılması onların gələcək fəaliyyətinə böyük stimul
verəcək, diaspora fəaliyyətinin möhkəmləndirilməsinə böyük töhfə
olacaq. Hesab edirəm ki, bu qurultay diaspor üzvlərinin
fəaliyyətinin səfərbər olmasında çox böyük rolu oynayacaq”, – deyə
deputat bildirib.

Postmüharibə dövrünün reallığı göstərir ki, Azərbaycan bu çətin
sınaqdan da şərəflə çıxdı və bütün dünya regionda yaranmış yeni
reallığı qəbul etdi.

Postmüharibə dövründə Prezident İlham Əliyev diplomatiyasının ən
parlaq nəticələrindən biri də məhz aparıcı beynəlxalq təşkilatların
Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etməsidir. Avropa
İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma
prosesində çox fəal iştirak edir, BMT Şuşada beynəlxalq tədbir
keçirdi, qonşu ölkələr postmünaqişə reallıqlarını qəbul ediblər və
3+3 formatda əməkdaşlıq formatı yaranıb. Dünyanın aparıcı
ölkələrinin rəhbərlərinin açıqlamaları və məsələ münasibətləri onu
göstərir ki, onlar yeni geosiyasi reallığı qəbul edir.

Müharibə bitdikdən sonra Prezident İlham Əliyev müxtəlif
tribunalardan Ermənistana sülh çağırışları edib. Bu dəfə Şuşada da
bu məsələ xüsusi vurğulandı. Ermənistan artıq 5 baza prinsip
şərtini qəbul etdiyini bəyan edib. Ermənistan rəhbərliyi rəsmən
etiraf etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və
Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də
olmayacaq.

Teqlər: