Putin və Bayden Makronun sammitlə bağlı təklifini qəbul ediblər – Yelisey sarayı

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden
Fransa Prezidenti Emmanuel Makronun Avropada təhlükəsizlik və
strateji sabitliyə dair sammitin keçirilməsi təklifini qəbul
ediblər.

AzerTimes-ın məlumatına görə, bu barədə Yelisey sarayından
bildiriblər.

Məlumata əsasən, E.Makron Avropada təhlükəsizlik və strateji
sabitliyi müzakirə etmək üçün C.Bayden və V.Putin arasında, sonra
isə müvafiq maraqlı tərəflərlə sammit keçirməyi təklif edib. ABŞ və
Rusiya liderləri Fransa Prezidentinin təklifini qəbul ediblər.

Sammitdə müzakirə ediləcək məsələləri Rusiya xarici işlər naziri
Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-də
keçiriləcək görüşlərində hazırlayacaqlar.

Xatırladaq ki, daha əvvəl E.Makron iki dəfə Rusiya Prezidenti
Vladimir Putinlə, bir dəfə Ukrayna Prezidenti Volodimir Zelenski,
ABŞ Prezidenti Cozef Bayden, Almaniya kansleri Olaf Şolts və Böyük
Britaniyanın baş naziri Boris Conson ilə telefon danışıqları
aparıb.