Prokuror 2 milyon manatlıq oğurluqda təqsirləndirilən dəstəyə 18 il 6 ay cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evlərdən 2 milyon
manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd
Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə
keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə
cəza istəyib.

Prokuror təqsirləndirilən şəxs Cavid Süleymanova 9 il 6 ay,
Əhməd Əhmədova isə 9 il cəza istəyib.
Prosesdə vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 28-də davam etdiriləcək.

Xatırladaq ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov
Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb
Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş
Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi
Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş
futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında
rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu
Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub
ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general
oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama
əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.

Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon
manata yaxın maddi ziyan vurduqları müəyyən edilib

Teqlər: