Nəsimi rayonunda küçə əsaslı təmir olunub (FOTO)

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi
rayonunda 360 metr uzunluğa malik Mustafa bəy Topçubaşov küçəsi
əsaslı şəkildə təmir olunub. Küçənin ortalama eni 7 metr təşkil
edir.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, aparılan təmir işləri
çərçivəsində küçə boyunca köhnə asfalt-beton örtüyünün üst qatı
frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması
üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq
işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə
piyada səkiləri bərpa olunub və abadlaşdırılıb, köhnə səki daşları
610 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq daha sonra küçəyə 2
laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra
olunub. Ardınca isə avtonəqliyyat vasitələrinin normal hərəkətinin
təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri
aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb. Yaxın
günlərdə piyada zolaqlarının çəkili işləri icra olunaraq küçə
müasir görkəmdə vətəndaşların istifadəsində olacaq.

Hazırda təmir işləri rayonun ümumi uzunluğu 2 km-ə yaxın olan
Cəlil Məmmədquluzadə və İlqar İsmayılov küçələrində davam
etdirilir. Təmir işlərinin bitməsi ardıcıllığına uyğun olaraq,
Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1130 metr olan Mirəsədulla
Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə
tutulub.

Qeyd edək ki, agentlik tərəfindən cari il ərzində artıq Mustafa
bəy Topçubaşov küçəsindən əlavə Nəsimi rayonu ərazisində ümumi
uzunluğu 1161 metr olan Nəcəf bəy Vəzirov (360m), Hüseynqulu
Sarabski (220m), Mərdanov qardaşları (286m) və Ağadadaş Qurbanov
(295 m) küçələrində də təmir işləri aparılıb.

2021-ci ildə isə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi
rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra
olunub.

Teqlər: