Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni
tikiləcək məscidin təməlini qoyublar.

Trend xəbər
verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad
edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
dövlətimizin başçısına və birinci xanıma qəsəbədə inşa olunacaq
məscidin layihəsi barədə məlumat verdi.

Bildirildi ki, ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid
binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki
mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni
isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət
zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda
110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

Dövlətimizin başçısı və birinci xanım məscidin təməlini
qoydular.

Qeyd edək ki, işğal dövründə vandalizmə məruz qalan mədəni-dini
obyektlər sırasında İslam dini abidələri – məscidlər, türbələr və
digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi
fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16,
Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə,
4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. İşğaldan azad
olunmuş ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır,
yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində
təməli qoyulan məsciddir.

Teqlər: