Prezident İlham Əliyev: Artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik

Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz
bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Suqovuşan
qəsəbəsində Azərbaycan xalqını təbrik edərkən deyib.

Dövlət başçısı bildirib:

“İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz
bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər
birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram
ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il
azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik
və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar
bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün
mən Novruz tonqalını burada – Suqovuşanda qaladım, qədim Azərbaycan
diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa
şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim
və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki,
artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada,
doğma Qarabağ diyarında qeyd edirik”.

Teqlər: