Prezident İlham Əliyevin sayəsində Qarabağ Azərbaycanın digər bölgələri üçün inkişaf nümunəsinə çevriləcək – ekspertlər

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin
birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
Müçavirədə dövlət başçısı qeyd edib ki, birinci rübdə Azərbaycanda
ümumi daxili məhsul 6,8 faiz artıb, üç ay ərzində xarici ticarət
dövriyyəsinin müsbət saldosu 5 milyard dolları ötüb, il ərzində
xarici borcun həcmini 600 milyon dollardab çox azaltmaq mümkün
olub.

Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Azərbaycan
İqtisad Universitetinin professoru Elşad Məmmədov AzerTimes-a bildirib ki,
Prezident İlham Əliyevin sosialyönümlü siyasəti sayəsində
Azərbaycan milli iqtisadiyyatın sabitliyini nümayiş etdirib, müsbət
makroiqtisadi nəticələr əldə edib.

“Dövlət başçısının sosialyönümlü siyasəti nəticəsində
Azərbaycanın daxili bazarında sabitlik qorunub saxlanılıb. Son 4
ildə dövlət tərəfindən əhaliyə bir sıra səmərəli sosial dəstək
paketləri – birdəfəlik ödəmələr, pensiyaların və minimum
əməkhaqqının artırılması həyata keçirilib. Bu, daxili bazarda
alıcılıq qabiliyyətini, ölkədə işgüzar fəallığı qoruyub saxlamağa
imkan verib,” deyə E.Məmmədov bildirib.

O əlavə edib ki, ölkədə sosial siyasətə cavabdeh olan
strukturlar, şəffaflığa nail olunması, korrupsiyaya qarşı səmərəli
mübarizənin aparılması sayəsində əlavə vəsaitlər sosial yönümlü
xərclərə yönəldilib:

“Prezident İlham Əliyevin neft strategiyasının səmərəliliyini
görməkdə davam edirik. Azərbaycana xeyli valyuta gəlirləri daxil
olmaqda davam edir ki, bu da ölkə iqtisadiyyatına zəruri
töhfədir”.

Eyni zamanda, iqtisadçı hesab edir ki, idxalı əvəzləmənin həyata
keçirilməsi üçün iqtisadiyyata birbaşa investisiyaların həcmini
artırmaq lazımdır:

“Azərbaycan xarici borcun daha da azaldılması üçün əsas resursa
– investisiyaların artırılması üçün daxili potensiala malikdir.
Dövlət zamin kimi ölkənin inkişafı üçün zəruri olan yüksək
texnologiyaların idxalı müqabilində öz suveren qızıl-valyuta
ehtiyatlarını təklif edə bilər”.

O, həmçinin qeyd edib ki, bu gün Prezident İlham Əliyev özəl
sektorun inkişafını xüsusi əhəmiyyət verir:

“Azərbaycanda Özəl İnvestisiya İnstitutu hələ tam fəaliyyət
göstərmir. Bank sektoru investisiyalar yaratmağa başlamalıdır ki,
bunun sayəsində özəl sektor enerji sektorunda səmərəli fəaliyyətə
başlaya biləcək”, – deyə iqtisadçı bildirib.

E.Məmmədov əlavə edib ki, ikinci Qarabağ müharibəsi başa
çatdıqdan sonra il yarım ərzində Azərbaycan işğaldan azad edilmiş
ərazilərdə titanik işlər görüb.

O, Prezident İlham Əliyevin sayəsində Qarabağın Azərbaycanın
digər bölgələri üçün də inkişaf nümunəsinə çevriləcəyini
vurğulayıb.

E.Məmmədov eyni zamanda qeyd edib ki, daha səmərəli inkişaf
üçün, o cümlədən energetika sektorunda, yüksək texnologiyaların
idxalı zəruridir, lakin insan resursları heç də az əhəmiyyət kəsb
etmir.

İqtisadçı ekspert Emin Qəriblinin də öz növbəsində qeyd etdiyi
kimi, Azərbaycanın makroiqtisadi göstəricilərinin artması ölkə
hökumətinin apardığı uğurlu siyasətin nəticəsidir:

“Pandemiya dövrünə baxmayaraq, ölkəmizin iqtisadiyyatı yaxşı
nəticələr əldə edib. Beləliklə, 2021-ci ildə Azərbaycanın
qeyri-neft ixracı 40 faizdən çox artaraq 2,7 milyard manata çatıb.
Azərbaycan da dövlət borcunu azalda bilib”, – E.Qəribli
bildirib.

Ekspert qeyd edib ki, buna baxmayaraq, Azərbaycan dünya
iqtisadiyyatına inteqrasiya olunub, ölkə öz iqtisadi müstəqilliyini
və sabitliyini qoruyub saxlamaqda davam edir:

“Bu gün biz həm də sosial müavinət və ödənişlərin, pensiyaların
artımının şahidi oluruq ki, bu da aparılan siyasətin nəticəsidir.
Bu amilləri Azərbaycanın iqtisadi yüksəlişinin əsası hesab etmək
olar,” deyə E.Qəribli vurğulayıb.

Bundan əlavə, ekspert qeyd edib ki, ölkə hökuməti 44 günlük
müharibə nəticəsində Azərbaycan ərazilərini Ermənistanın işğalından
azad etdikdən sonra dərhal bərpa işlərinə başlayıb:

“Bu regionlara qoyulan investisiyalar bir tərəfdən
kommunikasiyanın yaxşılaşmasına kömək edir, keçmiş qaçqınların geri
qayıtmasını sürətləndirir, digər tərəfdən tikinti (avtomobil və
dəmir yolu, infrastruktur obyektləri) kimi sektorlarda azərbaycanlı
mütəxəssislər üçün yeni iş yerləri açıb”.

O, xarici investorların Azərbaycan iqtisadiyyatına sərmayə
qoymağa davam etdiyini də vurğulayıb:

“Beləliklə, bir çox şirkətlər alternativ enerji sənayesinə maraq
göstərirlər. Bu gün bütün dünya yaşıl enerji sektorunu inkişaf
etdirir və bayaq dediyim kimi, Azərbaycan təkcə kəmiyyət artım
göstəricilərini deyil, həm də keyfiyyət göstəricilərini
yaxşılaşdırır. Onu da qeyd etmək lazımdır ki, aparılan islahatlar
qlobal iqtisadiyyatda mövcud olan dünya tələblərinə cavab
verir”.

Teqlər: