Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü dövlət modeli formalaşdırılıb – Sevil Mikayılova

Bu həftə Prezident İlham Əliyev və Birinci xanım Mehriban
Əliyevanın iştirakı ilə Bakının Sabunçu rayonunda şəhid ailələri və
müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu.
Doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış
kompleksində sakinlərin rahatlığı üçün bütün lazımi şərait
yaradılıb. Bu gün tam əminliklə demək olar ki, şəhid ailələri,
qazilərə dövlətin maddi dəstəyi ilə yanaşı mənəvi dəstəyi də ən
yüksək səviyyədədir. Pezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyeva tez-tez şəhid ailələri,
müharibə işirakçıları, müharibə əlilləri ilə görüşür, onların
problemləri ilə maraqlanırlar.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Sevil
Mikayılova deyib.

Onun sözlərinə görə, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman
övladlarımızın ailə üzvlərinin dövlət tərəfindən qayğı ilə əhatə
olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Döyüşlərdə yaralanmış, sağlamlığını itirmiş qazilərimiz bütün
dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunur.

“Bu həftə, müqəddəs Ramazan bayramında şəhid ailələri və
müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunması
Prezident İlham Əliyevin sosial qayğıya ehtiyacı olan ailələrə
xüsusi diqqətinin mühüm tərkib hissələrindəndir.

Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə
sosialyönümlü dövlət modeli formalaşdırılıb. İstər pandemiya və
ondan sonrakı dövrdə, istərsə də müharibə və postmüharibə dövründə
Azərbaycan dövləti daim sosial həssas qrupları öz nəzarətində
saxladı və saxlayır. Postmüharibə dövründə əhalinin həssas
qruplarına diqqət və qayğı daha da artıb. Prezident İlham Əliyevin
göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək
paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət
göstərilib.

Bu dövr ərzində şəhidlərin ailə üzvləri və müharibə
iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin
olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000,
postmüharibə dövründə 3500 mənzil verilib.

Ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi
evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub”,- deyə millət
vəkili bildirib.

Qazilərin normal həyata qayıtması məsələsinə də toxunan
S.Mikayılova bildirib ki, Vətən müharibəsinin 200 hərbçisi,
ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə
əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji,
1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs
aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə
mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.

S.Mikayılova onu da əlavə edib ki, Prezident İlham Əliyev
tərəfindən məmurlar qarşısında da ciddi tələblər qoyulub ki, şəhid
ailələrinə, qazilərə diqqət və qayğı daim olmalıdır:

“Əlbəttə ki, bu həssas qruplara olan qayğı ancaq dövlətin
gördüyü işlərlə məhdudlaşmamalıdır, cəmiyyət olaraq biz də bu
prosesdə aktiv iştirak etməliyik. Düşünürəm ki, Azərbaycan xalqı
Vətən müharibəsində göstərdiyi birliyi bu gün də nümayiş etdirir,
bu gün də xalq öz dövlətinin yanındadır, öz qazisinə, şəhid
ailəsinə sahib çıxır.

Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki,
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva başda
olmaqla hər bir Azərbaycan vətəndaşı və hökumətimiz daim onların
yanındadırlar. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət
siyasətimizin prioritet istiqamətidir və əminik ki, onların rifahı
üçün hərtərəfli sosial tədbirlər davamlı olacaq”.

Teqlər: