Prezident İlham Əliyevin göstərişi ilə azərbaycanlıların təxliyəsi üçün Moldovaya xüsusi heyət ezam olunub

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə
üz tutmuş Azərbaycan Respublikası vətəndaşları və onların digər
ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə
olunması istiqamətində davamlı tədbirlər görülür.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, indiyə
qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə
12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub.
Ümumilikdə, 5000 nəfərdən çox vətəndaşımız və onların ailə üzvləri
Azərbaycana təxliyə olunub.

Ukraynadan Moldovaya digər həmsərhəd ölkələrlə müqayisədə
dəfələrlə çox sayda vətəndaşımızın keçməsi ilə əlaqədar olaraq
təxliyə işlərinin sistemli və nizamlı şəkildə həyata keçirilməsi,
habelə onlara yerində dəstək göstərilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə
Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya
Xidmətinin 17 nəfər əməkdaşından ibarət heyət martın 7-də Kişineu
şəhərinə ezam olunub.

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi
və qeyd olunan dövlət orqanlarının nümayəndələrindən ibarət
yaradılmış müvəqqəti əlaqələndirmə mərkəzi işə başlayıb.

Əlaqələndirmə mərkəzi tərəfindən Ukraynadan sərhədi keçərək
Moldovanın müxtəlif yerlərində toplanmış vətəndaşlarımızın
siyahıları tərtib olunur, onlarla Səfirlikdə və yerlərdə görüşlər
keçirilir və ehtiyacları qiymətləndirilir, tibbi və digər
yardımların göstərilməsi təmin olunur, vətənə qayıtmaq üçün
sənədlər hazırlanır və çatışmayan səyahət sənədləri bərpa olunur,
Azərbaycan dövləti tərəfindən göndərilən təxliyə çarter reysləri və
avtobuslarla vətənə yola salınması təmin olunur.

Dünyada mövcud olan təcrübəyə uyğun olaraq təxliyə prosesində
əsas prioritet uşaq, qadın, ahıl və əlillərə verilir.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə növbəti belə
əlaqələndirmə qərargahı Polşada yaradılacaq. Bu məqsədlə martın
9-da qeyd olunan qurumların nümayəndələrindən ibarət heyət Polşanın
Varşava və Katoviçe şəhərlərinə ezam olunub.

Teqlər: