Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşıb – Vüqar Rəhimzadə

Zaman dəyişir, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Bu
vəzifələrin uğurlu icrası isə islahatlar prosesini sürətləndirməyi
qaçılmaz edir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının
hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da həyata
keçirdiyi təkmil islahatlara əsaslanır. Bu baxımdan 2020-ci il
fevral ayının 9-da növbədənkənar seçkilərin keçirilməsinin əsas
səbəbi məhz islahatları dərinləşdirmək, yeni tərkibdə Milli
Məclisin formalaşdırılması idi. Ölkənin ictimai-siyasi həyatında
aparıcı rol oynayan, davamlı inkişafa böyük töhfələr verən,
yeni-yeni hədəfləri müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış
edən Yeni Azərbaycan Partiyasının ölkə ictimaiyyətinin ciddi
dəstəyini qazanan təşəbbüslərindən biri də məhz ölkədə dərinləşən
islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V
çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament
seçkilərinin keçirilməsi oldu. 2020-ci il fevralın 9-da keçirilən
növbədənkənar parlament seckilərinin nəticəsində formalaşan yeni
tərkib özündə dövrün, zamanın tələblərini aydın şəkildə ifadə edir.
Belə ki, bütün siyasi qüvvələrin iştirak etdikləri seçkilər
nəticəsində çoxpartiyalı parlament formalaşıb. Tam əminliklə demək
olar ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı parlamentdir.
Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin rolunu
nəzərə alsaq bu seçkilərin nəticələrinin ölkəmizin qarşısında böyük
imkanlar açdığını böyük inamla qeyd edə bilərik.

Trend xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası
(YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin VI çağırış Milli
Məclisin ilk iclasında proqram xarakterli nitqində yer alan
çağırışlardan bəhs edərək bildirib ki, keçdiyi 30 illik şərəfli
yolda ictimai fikirdə qələbələr partiyası kimi nüfuza sahib olan
Yeni Azərbaycan Partiyası yeni parlamentdə də yerlərin
əksəriyyətini qazandı: “VI çağırış Milli Məclisin və onun
komitələrinin rəhbərliyində bütün siyasi partiyaların
nümayəndələrinin təmsil olunması təqdir edilən mühüm addımlar
sırasındadır. Bu baxımdan ki, bu günə qədər belə bir hal
olmamışdır. Amma bu günün tələblərindən biri kimi Azərbaycanda
siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində
gücləndirmək üçün belə bir addımın atılmasına böyük zərurət
duyuldu. “Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə
də çox düzgün addım atır” söyləyən dövlət başçısı İlham Əliyev bu
çağırışı etdi ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi
islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası
geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya
təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün
tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir.”

Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyasının formalaşdığını
önə çəkən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki,
qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün
Milli Məclis tərəfindən lazımi addımlar atılır və Azərbaycanda
çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulur:
“Azərbaycan demokratik, hüquqi, sivil dövlətdir. Ölkəmizdə
demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər bərqərar
olub. Siyasi partiyaların fəaliyyəti üçün təkmil qanunvericilik
bazası mövcuddur. Qəbul olunan yeni “Siyasi partiyalar haqqında”
Qanun partiyalara normal fəaliyyətləri üçün bütün zəruri imkanları
yaradır. Hazırda siyasi partiya təsis etmək üçün heç bir ciddi
meyar tələb olunmur. 50-dən artıq siyasi partiyanın dövlət
qeydiyyatından keçməsi və normal fəaliyyəti də deyilənlərin
təsdiqidir.”

Vüqar Rəhimzadə diqqəti 44 günlük İkinci Qarabağ müharibəsi
dövründə siyasi partiyaların ümummilli məsələdə vahid mövqe nümayiş
etdirərək dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
ətrafında sıx birləşmələrinə və dəstəklərini imzaladıqları
bəyanatlarla təsdiqləmələrinə yönəldərək bildirib ki, ölkəmizdə
sivil dialoq mühiti mövcuddur: “Cəmiyyətin avanqard qüvvəsi olan
Yeni Azərbaycan Partiyası daim dialoqun təşkilində maraqlı olmaqla
yanaşı, təşəbbüslərlə çıxış edir.

Eyni zamanda Prezident Administrasiyasında Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da
ölkəmizdə siyasi dialoq mühitinin, siyasi partiyalar arasında
əməkdaşlığın inkişafına xidmət edən uğurlu addımlardandır. Həmin
şöbənin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların
rəhbərləri ilə keçirdiyi görüşlər, müzakirə etdiyi məsələlər bu işə
öz müsbət töhfələrini verir.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ölkədə
aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri
daşıyır. Qeyd etdiyimiz kimi, islahatların dərinləşməsi prosesi
parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli
Məclisin qəbul etdiyi yeni qanunlar, eyni zamanda, bəzi qanunların
dövrün tələbinə cavab verməsi üçün təkmilləşdirilməsi, əlavə və
dəyişikliklərin edilməsi qarşıya qoyulan hədəflərə öz müsbət
təsirini göstərir. Dövlət başçısı İlham Əliyev qeyd olunan
çıxışında deputatlar qarşısında qanunvericilik sahəsində böyük
vəzifələr dayandığını bildirərək bu çağırışı etmişdir ki,
parlamentin əsas işi qanun yaradıcılığıdır.

“Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların
hazırlanmasını zəruri edir” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki,
hər bir ölkənin inkişafında dayanıqlı iqtisadi tərəqqi əsas rol
oynayır: “Hər zaman qeyd edildiyi kimi, iqtisadi müstəqillik siyasi
müstəqilliyin əsasıdır. Azərbaycanın üzləşdiyi hər bir çətinlikdən
uğurla çıxmasını şərtləndirən əsas amil məhz iqtisadiyyatın düzgün
əsaslar üzərində qurulmasıdır. Təkcə koronavirus infeksiyası ilə
mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda Azərbaycanın
hətta inkişaf etmiş ölkələrdən fərqli olaraq iqtisadi durğunluğu
yaşamamasına səbəb atdığı addımların sistemli olması ilə bağlıdır.
Dövlət başçısı İlham Əliyev ilk gündən bu hədəfi qarşıya qoydu ki,
insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi inkişafın
dayanıqlığı da təmin edilməli, heç bir sosial layihə təxirə
salınmamalıdır. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin
ilk iclasındakı çıxışında da səsləndirdiyi əsas hədəflərdən biri
məhz iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən
qanunların qəbul edilməsi oldu. Məsuliyyətin ən vacib məsələlərdən
biri olduğu açıqlandı.”

YAP Xətai rayon təşkilatının sədri demokratiyanın vacib
amillərindən biri kimi ictimai-siyasi sabitliyi önə çəkərək
Azərbaycanın 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə sabitlik diyarı
olmasından bəhs edib: “Ölkəmizin müstəqilliyinin bərpasının ilk
illərində yaşadığı durum yaddaşlardadır. Azərbaycanda xaos,
anarxiya, özbaşınalıqlar hökm sürürdü. 1993-cü ildə Ümummilli
Liderin hakimiyyətə qayıdışı ilə həyata keçirilən düşünülmüş və
məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa müddətdə sabitlik
diyarına çevrildi. Ölkəmizə investisiya axını sürətləndi. Bu günə
qədər ölkə iqtisadiyyatına 280 milyard dollar investisiya qoyulması
Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirməklə
yanaşı, beynəlxalq aləmdə sabit ölkə kimi tanınmasına da işıq
salır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik
şəraitində yaşayır. Siyasi sabitliyin qorunmasında bütün
vətəndaşlar fəal iştirak etməlidirlər.”

Teqlər: