Prezident İlham Əliyevin energetika strategiyasının uğuru – Avropa Azərbaycan qazına ümid bağlayır

Bu gün Azərbaycan Avropanın ən etibarlı enerji
təchizatçılarından biridir və bəzi ekspertlərin fikrincə, qlobal
böhrana çevrilə biləcək qitədəki qaz böhranı fonunda ölkəmiz
təhlükəsiz qaz mənbəyi kimi görünür. Təsadüfi deyil ki, Avropa
Azərbaycanı lazım gələrsə, potensial olaraq tədarükün artırıla
biləcəyi ölkələr sırasına daxil edir. Biz 2020-ci ilin sonundan
etibarən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarük edirik.
İstifadəyə verildiyi vaxtdan indiyədək bu dəhliz vasitəsilə qaz
tədarükü 11 milyard kubmetri ötüb. Artıq bu ilin birinci rübündə
Cənub Qaz Dəhlizinin Avropa hissəsi – Trans-Adriatik Boru Kəməri
(TAP) vasitəsi ilə İtaliyaya 2,1 milyard kubmetr qaz çatdırıb ki,
bu da tələbatın təxminən 9 faizini ödəyir, Yunanıstana isə 0,3
milyard kubmetr qaz çatdırıb ki, bu da tələbatın təxminən 20
faizini ödəyir. Avropa ölkələri Azərbaycandan qaz tədarükünü ikiqat
artırmaqda maralıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin
aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və
əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı
zamanı dediyi kimi, Azərbaycana Avropa ölkələrindən tədarükün
artırılması ilə bağlı müraciət daxil olub.

“Ankara-Moskva” ekspert-analitik şəbəkəsinin nümayəndəsi
Engin Özer Trend-ə bildirib ki, dünyada mövcud geosiyasi vəziyyət
Avrasiya məkanında yenilənmə getdiyini və Avropanın bir qaz
tədarükçüsündən tam asılı ola bilməyəcəyini göstərib.

“Bu baxımdan Azərbaycanın malik olduğu ixrac potensialına nail
olmaqdan, yəni ixracı ildə 20 milyard kubmetrə çatdırmaqdan
danışmaq çox vacibdir. Qeyd etmək istəyirəm ki, Avropa ölkələri
Rusiya qazının əvəz edilməsinə ciddi yanaşır və Azərbaycandan qaz
tədarkünü artırmağı, həmçinin Liviya, İraq, İran, İsrail, Misir və
Qətər kimi ölkələrdən də qaz almağı nəzərdən keçirirlər. Xatırladım
ki, bu yaxınlarda Türkiyə ilə İsrail arasında müvafiq razılaşma
əldə olunub”, – deyə E.Özer bildirib.

Ekspert Cənub Qaz Dəhlizinin buraxılı. imkanlarının
artırılacağına və Azərbaycanın Avropaya qaz ixracını artıracağına
əminliyini ifadə edib.

“Hazırda Cənub Qaz Dəhlizinin yalnız Azərbaycan qazı ilə
doldurulmasına baxmayaraq, digər oyunçular bu infrastruktur
vasitəsilə Avropaya qaz tədarükçülərinin sayına qoşula bilərlər,”
deyə ekspert əlavə edib.

Öz növbəsində, ekspert iqtisadçı Emin Qəribli
də hesab edir ki, Avropanın bir qaz mənbəyindən asılılığı indiki
geosiyasi vəziyyətdə sərfəli deyil.

“Bu gün Avropa 40 faiz Rusiya qazından, təxminən 20 faiz Norveç
qazından, qalanı isə digər ölkələrin payına düşən qazdan asılıdır.
Biz görürük ki, indiki geosiyasi vəziyyətdə bir qaz mənbəyindən
asılı olmaq çox çətindir. Bununla əlaqədar Avropa alternativ
mənbələr axtarır, o cümlədən Azərbaycandan. Qeyd edək ki, ölkəmizin
kifayət qədər resursları var, bundan başqa, bizim yanımızda
Türkmənistan və Özbəkistan var. Onların qaz ehtiyatları Azərbaycan
ərazisindən keçməklə Avropaya tədarük edilə bilər. Beləliklə,
Azərbaycanın enerji sektorunda rolu artacaq, ölkəmiz Avropa ilə
strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək”, – deyə E.Qəribli
bildirib.

İqtisadçının sözlərinə görə, digər mühüm amil odur ki, ilkin
olaraq ixrac olunan qazın qiyməti müəyyən ölkələr arasında
imzalanan uzunmüddətli müqavilədə müəyyən edilir.

“Əgər qaz alıcısına əlavə qaz həcmləri lazım olursa, o zaman
onun qiyməti müqavilədə göstəriləndən fərqli olacaq və bu, ölkəmiz
üçün sərfəlidir. Qısamüddətli perspektivdə Avropa qış dövrü üçün
təhlükəsizliyini təmin etmək üçün qaz anbarlarını dolduracaq və çox
güman ki, anbarlardakı qaz ehtiyatlarının tükənməsi səbəbindən
əlavə qazın alınması ssenarisi reallaşa bilər”, – deyə ekspert
iqtisadçı bildirib.

Şübhəsiz ki, Cənub Qaz Dəhlizi Avropaya qaz tədarükünün
şaxələndirilməsinə töhfə verir və qitədə, xüsusən də Avropanın
cənub-şərqində enerji təhlükəsizliyini artırır. Bu gün Cənub Qaz
Dəhlizinin genişləndirilməsi perspektivləri müsbət
qiymətləndirilir, çünki bu, Avropada rəqabətqabiliyyətli qaz
qiymətlərini təmin etməyə imkan verəcək.

Teqlər: