Avropa Komissiyası qaza görə rublla ödənişləri sanksiyaların pozulması hesab edib

Avropa Komissiyası (AK) Rusiya qazına görə rublla ödənişlərin
sanksiyalar rejiminin pozulması hesab edir, lakin yaxın günlərdə
Avropa İttifaqının (Aİ) şirkətlərinə mümkün tədbirlərlə bağlı
ətraflı izahat verəcək.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının enerji məsələləri
üzrə komissarı Kadri Simson Brüsseldə keçirilən Aİ Şurasının
fövqəladə iclasından sonra mətbuat konfransında deyib.

“Biz aydın şəkildə deyirik ki, rublla ödəniş etmək və
Qazprombankda ikinci hesab açmaq sanksiyaların pozulması olacaq və
bu, qəbul edilə bilməz. Aİ Şurası həmrəylik və birliyə ehtiyac
olduğunu bəyan etdi. Mən nazirlərə söz verdim ki, ofisim Avropa
Komissiyası və Aİ Şurasının hüquq xidmətləri ilə birlikdə
şirkətlərin sanksiyalar rejimində nəyi edə və edə bilməyəcəkləri
barədə daha ətraflı təlimatlar hazırlayacaq”, – deyə K.Simson
bildirib.

Avropa komissarı vurğulayıb ki, Aİ-nin qaz tədarükü ilə bağlı
hələlik heç bir risk yoxdur. Artıq Rusiyadan qaz almayan
Bolqarıstan və Polşa Yunanıstan və Almaniyadan keçməklə alternativ
yollarla qazla təmin edilir.