Prezident İlham Əliyevin diplomatiyası Ermənistanla sülh sazişinin bağlanması prosesini düzgün istiqamətə aparmağa kömək edir – Amerikalı ekspertlər

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş
naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Üçtərəfli görüşün
sonunda son dərəcə əhəmiyyətli bir bəyanat verilib. Belə ki,
görüşün yekunlarına əsasən qərara alınıb ki, Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinə bütün zəruri məsələləri nəzərə
alan gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək
tapşırılıb.

Eyni zamanda, Ermənistan və Azərbaycan arasında sərhədin
delimitasiyası, sərhəd boyu və ona yaxın ərazidə sabitliyin və
təhlükəsizliyin təmin edilməsi üçün aprelin sonunadək Birgə Sərhəd
Komissiyasının çağırılması qərara alınıb.

Brüssel görüşünün nəticələrini şərh edən amerikalı analitik
İrina Zukerman AzerTimes-a bildirib ki, Azərbaycan Prezidenti İlham
Əliyevin diplomatiyası yekun sülh sazişinin bağlanması prosesini
düzgün istiqamətə aparmağa kömək edir:

“Təəccüblüdür ki, son zamanlar aparılan bütün təbliğat və
təxribatlara baxmayaraq, Yerevan əməkdaşlığa başlayıb və sülh
müqaviləsi bağlamaq təklifinə razılıq verib. Qalanı isə təbii ki,
Paşinyanın vicdanından asılıdır. Ermənistan əhalisi baha başa gələn
toqquşmalardan, qanlı müharibələrdən bezib. Burada uğurun bir
hissəsi Bakının öz prinsipləri münasibətdə ardıcıl qəti
mövqeyindədir”.

Amerikalı analitik hesab edir ki, Aİ ATƏT-in Minsk qrupundan
fərqli olaraq sülh prosesində çox fəal və konstruktiv rol
oynayır:

“Xüsusilə, etimad möhkəmlənməsi tədbirlərinə diqqət yetirilməsi
praqmatikdir və qarşılıqlı məqbuldur. Humanitar minatəmizləmə
səyləri Ermənistanda rəsmi etiraz yaratmamalıdır; əslində, bu,
onlara qonşusu qarşısında öz səhvini “yüngülləşdirmək” üçün taktiki
diplomatik imkan verə bilər. Nəticə etibarı ilə Azərbaycanın
təhlükəsizliyi və rifahı bütün regiona fayda gətirir, daha sürətli
inteqrasiyaya kömək edir, iqtisadi və mədəni imkanları
genişləndirir.
Bu, həmçinin Cənubi Qafqazı enerji kimi bir sıra kritik məsələlərdə
Aİ üçün daha effektiv tərəfdaşa çevirəcək”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza AzerTimes-a verdiyi
bildirib ki, çox müsbət siqnal ondan ibarətdir ki, Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan
öz xarici işlər nazirlərinə gələcək sülh sazişi üzərində işləmək və
birgə sərhəd komissiyası çağırmaq barədə göstəriş verməyə
razılaşıblar:

“Düşünürəm ki, bu, hər iki liderin çoxdan atmaq istədiyi
addımlardır, lakin Ermənistanda baş nazir Paşinyanın siyasi
müxalifəti onlara mane olub. Yerevanda Ermənistanın vaxtilə
qeyri-qanuni yolla zəbt etdiyi əraziləri Azərbaycandan hansısa
yolla geri qaytara biləcəyinə və orta əsr dövləti modelində Türkiyə
ərazisini də əhatə edəcək “Böyük Ermənistan” qurmasına hələ də
yalan ümid bəsləyən insanlar tərəfindən Ermənistanın bu müsbət
addımlarına qarşı etiraz aksiyaları keçirilib. Ancaq bütün bunlar
sona çatıb. Azərbaycan və Ermənistanın sülh sazişi bağlamasının
vaxtı çatıb. Birgə sərhəd komissiyasının çağırılması və
Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin demarkasiyası
da insan həyatını xilas edəcək. Bu, sülhə doğru çox mühüm potensial
addımdır. Ümid edək ki, iş başlayacaq”.

M.Brayza Cənubi Qafqazda sabitliyin təmin edilməsində Avropa
İttifaqının mühüm rolunu qeyd edib:

“Mən uzun illər hələ ATƏT-in Minsk qrupunun ABŞ-dan olan
həmsədri olarkən Aİ-nin Qarabağ münaqişəsində vasitəçi rolunu
oynamasını vacib hesab edirdim. Mən başa düşmürdüm ki, niyə Minsk
Qrupunun həmsədri bütün Aİ deyil, Fransa olub. Bəli, Fransa mühüm
ölkədir, lakin bütövlükdə Aİ supergücdür, Fransa isə deyil. Hesab
edirəm ki, Aİ indi sabitlik və davamlı sülhün əsaslarının
qoyulmasında oynaya biləcəyi mühüm rolu nümayiş etdirir. Avropa
İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqazda sabitliyin
möhkəmləndirilməsinə kömək etməkdə böyük maraq göstərib. Aİ
etimadın möhkəmləndirilməsi tədbirləri və humanitar minatəmizləmə
işlərində kömək edə bilər və sərmayələrə zəmanət verməklə nəqliyyat
əlaqələrini dəstəkləyə bilər. Lakin Aİ-nin gördüyü əsas şey
Azərbaycan və Ermənistan liderlərinə sülh sazişinin bu mühüm
məsələlərini və Azərbaycan və Ermənistanın beynəlxalq sərhədlərinin
demarkasiyası məsələlərini müzakirə etmək üçün platformalar təqdim
etməkdir”.

Teqlər: