Prezident İlham Əliyevin dəqiq liderliyi regionu sülhə və daha yaxşı gələcəyə aparır – Amerikalı ekspertlər

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan
arasında görüş keçirilib. Görüş Cənubi Qafqaz regionunda vəziyyətin
müzakirəsinin davamı və Aİ-nin hər iki tərəflə münasibətlərin
inkişafı məqsədilə baş tutub. Görüş zamanı 2021-ci ilin 15 dekabr
tarixində Brüsseldə və Fransa prezidenti Emmanuel Makronla 2022-ci
ilin fevralında videokonfrans formatında görüşlərin yekunları
nəzərdən keçirilib.

Görüş zamanı bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin
hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə
tapşırığın verilməsinə dair razılıq əldə olunub.

Eyni zamanda aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının
iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunub. Birgə Sərhəd
Komissiyasının mandatına Ermənistan-Azərbaycan sərhədinin
delimitasiyası və sərhəd xətti boyu və onun yaxınlığında sabit
təhlükəsiz vəziyyətin təmin edilməsi daxil olacaq.

Üçtərəfli görüşü Trend-ə şərh edən ATƏT-in amerikalı sabiq həmsədri
Riçard Hoqland qeyd edib ki, Prezident İlham
Əliyevin dəqiq liderliyi regionu sülhə və daha yaxşı gələcəyə
aparır.

“Münaqişə onilliklərini geridə qoymaq asan iş deyil, amma həm
prezident Əliyev, həm də baş nazir Paşinyanın əmin və dəqiq
rəhbərliyi hər iki ölkənin təhlükəsiz və daha yaxşı gələcəyinə yön
verir. Hər iki ölkənin qarşısında uzun və çətin yol dayanır”, –
deyə o bildirib.

Öz növbəsində ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert
Sekuta
isə Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycan və
Ermənistan liderlərinin görüşü, xüsusilə də dekabrın 14-də Avropa
İttifaqı Şurasının sədri Ş.Mişellə görüşdən sonra vacib və
ümidverici addımdır. Avropanın Cənubi Qafqazda sülhün təşviq
olunmasında iştirakının güclənməsi ümidvericidir.

“Görüşün yekunları ilə bağlı elan olunanlara gəldikdə, liderlər
dekabr görüşü, eləcə də prezident Makronla fevral görüşündən sonra
baş vermiş hadisələri, bir müddət əvvəlki gərginliyin və
insidentlərin müzakirəsinin, atəşin dayandırılması barədə 2020-ci
il noyabr razılaşmanasının müddəalarının əməl olunmasının
vacibliyini müzakirə edib. Tərəflərin humanitar məsələlərin həlli
ilə bağlı işlərinin vacibliyi, minaların təmizlənməsi üzrə işlər,
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə sülh sazişinin
hazırlanması üzərində işləmək tapşırığı, aprelin sonunadək Birgə
Sərhəd Komissiyasının çağırılması, bütün bunlar vacib, zəruri,
müsbət addımlardır”, – R.Sekuta deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında otuzillik
münaqişənin aradan qaldırılması asan olmayacaq.

“Sülh üçün lazım olan anlayış və etimad səviyyəsinə nail olmaq
üçün vaxt, qətiyyət və ağır iş tələb olunacaq. Amma Prezident İlham
Əliyevlə baş nazir Nikol Paşinyanın bu çətin işə başlamalarını
görmək məmnunluq doğurur”, – deyə o bildirib.

Onun sözlərinə görə, eyni zamanda, hər kəs başa düşməlidir ki,
bu proses vaxt aparacaq.

“İstənilən danışıqların xarakteri bu cürdür. Azərbaycanla
Ermənistan arasında səmərəli, möhkəm sülh sazişinin hazırlamaq və
qüvvəyə mindirmək vacibdir”, – sabiq səfir qeyd edib.

R.Sekuta əlavə edib ki, xarici subyektlər bu prosesin
irəliləməsinə, sülh sazişinin təşviqi üçün zəruri olan şərtlərin və
etimadın yaradılmasına kömək edə bilər.

Teqlər: