Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva şəhid Mahir Məmmədovun ailəsinin qonağı olublar (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid
ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış
kompleksinin açılışında iştirak ediblər.

Trend xəbər verir ki, sonra dövlətimizin başçısı və birinci
xanım Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur
döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun
ailəsinin qonağı olublar.

Prezident İlham Əliyev şəhidin ailə üzvləri ilə
söhbətində dedi:

– İlk növbədə, sizi Ramazan bayramı münasibətilə təbrik etmək
istəyirəm. Biz bu bayram günündə Bakı şəhərində yeni şəhərciyin
açılışını qeyd edirik. Şəhid ailələri üçün nəzərdə tutulan
mənzillərdə həm şəhid ailələri, həm müharibə əlilləri yaşayacaqlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah sizin oğlunuza
rəhmət eləsin. Böyük faciədir, böyük itkidir. Siz oğlunuzu
itirmisiniz, siz həyat yoldaşınızı, siz isə qardaşınızı. Bilirəm
ki, Mahir çox qəhrəman bir insan idi, Aprel döyüşlərində də iştirak
etmişdi. Vətən müharibəsində də xüsusi qəhrəmanlıq göstərdiyinə
görə dövlət tərəfindən üç medalla təltif edilmişdir. Ağır itkidir,
sağalmaz bir yaradır, bunu hər kəs başa düşür. Amma yeganə təsəlli
o ola bilər ki, canını Vətən uğrunda fəda etdi. Onun və onun kimi
övladlarımızın qəhrəmanlığı nəticəsində biz işğala son qoyduq.

Birinci Qarabağ müharibəsində şəhidlərimiz olub, bu günə qədər 4
minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki,
onlar həyatda deyil, həyatını itiriblər və ümumiyyətlə, 15 mindən
çox şəhidimiz olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən
gedib. Amma İkinci Qarabağ müharibəsində şəhidlərimiz az olub.
Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır.
Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri də o idi
ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı.

Hər bir şəhidin xatirəsi, əlbəttə, onların yaxınlarının və bütün
Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq. Keçən il
sentyabrın 27-də – Anım Günündə biz o Anım yürüşünü sanki
şəhidlərlə birlikdə etdik, onların şəkilləri ilə. Sonra o şəkillər
onların ailələrinə təqdim edilmişdir. Yeganə təsəlli o ola bilər,
başqa təsəlli ola bilməz.

Əlbəttə, biz bütün şəhidlərimizin məişət problemlərini həll
etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident
kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ
müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox
mənzil verilib. Bu, yenə də bizim borcumuzdur. Əsas təsəlli odur
ki, o, əbədiyyətə qovuşub, şəhadət zirvəsinə qovuşub. Bu dünyada
heç kim əbədi qalmayacaq, hamımız gec-tez haqq dünyasına
qovuşacağıq. Əlbəttə ki, gənc yaşında həyatdan getmək böyük
faciədir, ancaq nə deyə bilərik. Yeganə təsəlli odur ki, o, Vətən
uğrunda döyüşüb, vuruşub, həlak olub və eyni zamanda, onun qanı
yerdə qalmayıb. O, oktyabrın 19-da rəhmətə getmişdir. Artıq Füzuli
şəhəri işğaldan azad edilmişdir. Ondan sonra onun yoldaşları
müzəffər yürüşünü axıra qədər davam etdirərək bayrağımızı Şuşada
sancdılar, düşməni qovduq və haqq-ədaləti bərpa etdik.

Sizin üçün əlbəttə ki, çox ağırdır, bu itki ilə heç cür barışmaq
mümkün deyil. Vaxt da bu yaranı sağaltmayacaq. Amma yenə də onun
xatirəsi, onun qəhrəmanlığı daim yaşayacaq. Azərbaycan
vətəndaşları, bütün dünya azərbaycanlıları şəhidlərimizlə fəxr
edirlər. Onlar bizim üçün qürur mənbəyidir və bu, Azərbaycan xalqı
durduqca əbədi olacaq. Biz onların xatirəsini əbədi yaşadacağıq.
Onların qəhrəmanlığı heç vaxt bizim yaddaşımızdan, sonrakı
nəsillərin ürəyindən silinməyəcək. Şəhidlər ölmür, biz bunu artıq
dəfələrlə demişik, onlar bizimlədir. Çünki onların xatirəsi
yaşayır, Mahirin övladı yaşayır. Əminəm ki, atasına layiq
böyüyəcək. Sadəcə olaraq, onun böyüməsi, onun atası kimi qəhrəman
olması sizin üçün bir təsəlli ola bilər.

Yəni, o, həyatda övladını, gənc həyat yoldaşını, qardaşını,
anasını qoyub getdi. Bilirsiniz, müharibədən sonra şəhid ailələri
ilə, veteranlarla, qazilərlə çoxsaylı görüşlərim olub. Hər bir
görüş bir daha xalqımızın böyüklüyünü göstərir. Çünki öz oğlunu,
həyat yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu,
xalqımızın iradəsini sarsıtmadı. Biz Mahir kimi qəhrəmanlar
hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi
yaşayacağıq. Yenə də deyirəm, biz Birinci Qarabağ müharibəsini də
heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid
oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma
torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər. Əlbəttə,
yaxın, doğma adamın itirilməsi yarası heç vaxt sağalmayacaq. Amma
həyat davam edir və davam edəcək.

İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad
edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə,
məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında
şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün
həlak oldular, Vətəni hər şeydən üstün tutdular. Bir daha demək
istəyirəm, həm Aprel döyüşləri zamanı, həm İkinci Qarabağ
müharibəsində Mahir əsl vətənpərvərlik göstərmişdir. İndi onun
xatirəsini yaşatmaq, onun övladını dəyərli vətəndaş kimi böyütmək
yəqin ki, sizin üçün əsas məsələdir. Dövlət üçün də əsas məsələdir.
Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni
edir və edəcək. Bu haqda çox danışmaq istəməzdim. Bu, bizim
borcumuzdur və sizin həyatınız, yaşayışınız daim diqqət mərkəzində
olacaqdır.

Şəhid Mahirin qardaşı Habil Məmmədov: Çox sağ
olun, cənab Prezident, bu müqəddəs gündə bizi ziyarət edirsiniz.
Şəhid ailələrinə, qazilərə həmişə diqqət və qayğı göstərirsiniz.
Sizə öz ailəmiz adından da təşəkkürümüzü bildiririk. Bu gözəl
mənzilə görə də çox sağ olun. Mehriban xanım, Siz də çox sağ olun.
Allah razı olsun.

Birinci xanım Mehriban Əliyeva: Oğlunuzun neçə
yaşı var? …

Şəhid Mahirin anası Timziyə Məmmədova:
Bilirsiniz, oğlu sentyabrın 21-də doğulub, 27-si müharibə
başladı.

Birinci xanım Mehriban Əliyeva: Sentyabrda
doğulub…

Timziyə Məmmədova: Heç görə bilmədi, birinci
övladıdır, bir az gec evləndi.

Birinci xanım Mehriban Əliyeva: Allah saxlasın,
adı nədir?

Timziyə Məmmədova: Babasının adıdır, Səlim.
İndi şəhidlərimizin ruhu şaddır ki, bizim torpaqlarımız alınıb
Sizin sayənizdə.

Prezident İlham Əliyev: Ruhları həmişə şad
olacaq. Bizim hamımızın borcu idi və yenə də deyirəm, onun qanını
biz döyüş meydanında aldıq, haqq işimizi sonuna qədər apardıq və
Qələbəni təmin etdik. Mahirin balaca balası böyüyəndə, əlbəttə,
atası ilə ömür boyu həm fəxr edəcək, həm də əminəm ki, ömür boyu
Azərbaycan xalqı həmişə ona qayğı göstərəcək, hörmət edəcək, çünki
o, şəhidin övladıdır.

Timziyə Məmmədova: Özü də atası ilə qürur
duyacaq, düzdür.

Habil Məmmədov: Tez-tez məzarının üstünə aparıb
gətiririk.

Birinci xanım Mehriban Əliyeva: Qələbə parkında
hər bir şəhidin adı yazılıb.

Prezident İlham Əliyev: Hər birinin, hər
birinin. Həm də Zəfər muzeyi yaradılacaq. Zəfər parkı Bakının ən
möhtəşəm yerlərinin birində, bəlkə də birincisində – Dənizkənarı
bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək.
İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk
olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər
muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı
əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər.

Timziyə Məmmədova: Mahir özü də çox yaxşı oğul
olub. Öz işini də çox sevirdi, xəritəçəkən olub. İşini çox sevirdi.
Allah rəhmət eləsin bütün şəhidlərə.

Prezident İlham Əliyev: Allah rəhmət
eləsin.

Habil Məmmədov: Cənab Prezident, biz də Sizinlə
fəxr edirik. Nə yaxşı ki, xalqımızın, dövlətimizin Sizin kimi
Prezidenti var. Allah Sizə cansağlığı versin. Çox sağ olun hər bir
şəraitə görə. Diqqət, qayğı göstərdiyinizə görə çox sağ olun,
təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Timziyə Məmmədova: Sizin tapşırığınızla biz
şəhid ailələrinə yaxşı baxırlar, qiymət verirlər. Yaxşıyıq, hər şey
yaxşıdır. Narazı deyilik.

Habil Məmmədov: Vaxtlı-vaxtında
maraqlanırlar.

Prezident İlham Əliyev: Bəli, mən bütün dövlət
qurumlarına göstəriş vermişəm, daim şəhid ailələri diqqətlə əhatə
olunsunlar.

Timziyə Məmmədova: Qayğı göstərilir.

Prezident İlham Əliyev: Bütün məsələlərdə,
məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola
bilər insanın həyatında, – bütün dövlət məmurları, mərkəzi, yerli
icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar,
kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur.

Bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və
Mahir kimi övladlarımız buna nail oldular. İndi isə şəhidlərimizin
yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və
cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var. Nəinki dövlət
qurumları, istənilən insan çalışır ki, şəhid ailəsinə hansısa bir
kömək göstərsin. Məşğulluqla bağlı. Bizim qazilərimiz də çox olub.
On mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da sağalması
prosesi gedir. Onlar üçün artıq son model olan iki yüz protez
təşkil edilib və onlar normal həyata qayıdıblar. Dövlət öz üzərinə
nə düşürsə etməlidir və edəcək.

Habil Məmmədov: Mənzil də çox gözəldir, cənab
Prezident.

Şəhid Mahirin həyat yoldaşı Günel Məmmədova:
Mənzilə görə çox sağ olun.

Prezident İlham Əliyev: Yaxşıdır, bura
şəhərcikdir, bağça da var, məktəb də yaxındadır.

Habil Məmmədov: Şəraiti çox gözəldir.

Prezident İlham Əliyev: Bilirsiniz, bu evlər
məcburi köçkünlər üçün inşa edilmişdi. İşğal dövründə məcburi
köçkünləri yerləşdirmək üçün, normal şərait yaratmaq üçün böyük
işlər görüldü və belə gözəl şəhərciklər yaradıldı. Amma müharibədən
sonra mən qərar qəbul etdim, onlar üçün nəzərdə tutulan yerləri biz
şəhid ailələrinə təqdim edək ki, onlar çox vaxt gözləmədən tezliklə
bu mənzillərlə təmin olunsunlar. Çünki hələ də, – onu da deməliyəm,
– Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin bəziləri evlərlə
təmin edilməyib. Düzdür, 12 min 500 mənzil verilib, ancaq hələ də
növbədə duranlar var. Ona görə mən dedim ki, birincisi, məcburi
köçkünlər üçün biz artıq Qarabağda, Zəngəzurda evlər tikməyə
başlamışıq. Onlar orada yaşamalıdırlar. İkincisi, tezliklə şəhid
ailələri, yaralı olan hərbçilərimizin problemlərinin həlli üçün bu
gözəl evləri biz şəhid ailələrinə təqdim edək. Keçən il 3 min, bu
il 1500 mənzil verilib və bundan sonra da veriləcək. Bu mənzillərdə
yaşamaq üçün bütün şərait var. Amma ondan sonra məşğulluqla bağlı,
– mən bilirəm ki, siz işləyirsiniz, – pensiyalarla, təqaüdlə bağlı
bütün bu məsələlər, həmçinin şəhidlərin yaxınları daim diqqət
mərkəzində olmalıdırlar ki, sizin və sizin kimi şəhid ailələrinin
həyatında heç bir problem olmasın. Mən Prezident kimi bütün dövlət
qurumlarına bunu tapşırmışam, bu gün də mənim sözlərimi eşidirlər.
Bu, bizim borcumuzdur.

Ailə üzvləri: Çox sağ olun, cənab
Prezident.

Prezident İlham Əliyev: Mən yenə də deyirəm,
ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır. Amma
şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək
nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və
qəhrəmanlığı əvəzolunmazdır. Çünki canını fəda edir ki, torpaqlar
azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa
olunsun. Çünki otuz il torpaqlarımız işğal altında qalıb və
xalqımız mənəvi əzablar çəkib – hər birimiz, o cümlədən Mahir. Onu
irəliyə aparan məhz Vətən sevgisi olub, bu ədalətsizliklə
barışmazlığı olub. Canını fəda edib, amma onun kimi övladlarımız
xalqımızın ləyaqətini bərpa etdilər. Bu, qələbə qədər vacib
məsələdir, gələcək nəsillərin yetişməsi və tərbiyəsi üçün
əvəzolunmaz amildir. Çünki biz artıq ilyarımdır ki, müzəffər xalq
kimi yaşayırıq. Əvvəllər torpaqları işğal edilmiş xalq kimi
yaşamışıq.

Timziyə Məmmədova: İndi başımız ucadır.

Prezident İlham Əliyev: Bəli, başımız ucadır,
əbədi belə olacaq. Bir daha demək istəyirəm ki, Mahirlə, onun kimi
şəhidlərlə biz əbədi fəxr edirik və edəcəyik.

Habil Məmmədov: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Arzulayıram ki, dövlət
tərəfindən sizə yaradılan bu şərait bundan sonra acınızı nisbətən
azalda bilsin.

Habil Məmmədov: Düzdür, bizim üçün təsəllidir,
cənab Prezident. Sizinlə görüşmək də çox xoş oldu. Çox sağ olun,
hər bir şəraitə görə.

Prezident İlham Əliyev: Sağ olun.

Ailə üzvləri: Təşəkkür edirik. Çox sağ
olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Teqlər: