Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər
ediblər.

Trend xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1”
və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional
Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında
iştirak ediblər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında
fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri
ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça
istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının
və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini
qoyub.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Heydər Əliyev
Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin
gedişi ilə tanış olublar. Prezident İlham Əliyev burada çıxış
edib.

Dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi
Xəstəxanasının da təməlini qoyub. Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan
işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan
şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi
– İmarət kompleksində olublar.

Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim
ediləcək.

Teqlər: