Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi,
onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş
etdi.

Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl
Türkiyəyə səfəri məmnunluqla xatırlandı və bu səfərin
əlaqələrimizin inkişafında rolu qeyd edildi.

Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd
təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması
münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.

Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirdi, nazir kimi
özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi,
əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu
qeyd olundu.

Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə
ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını
qeyd etdi və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı,
kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin
planlaşdırıldığını bildirdi. Bu baxımdan işğaldan azad edilmiş
ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və
birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulandı.

Söhbət zamanı Bakıda keçirilən “Caspian Agro 2022” – Beynəlxalq
Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd
təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə
heyətinin bu sərgidə iştirakının önəmi qeyd edildi, Türkiyə
şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirildi. Vahid
Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə
töhfə verəcəyinə əminlik ifadə olundu.

Teqlər: