Prezident İlham Əliyev Simonyanı yerində oturtdu: Siz indiki halda erməni kimi sual verdiniz

Siz indiki halda erməni kimi sual verdiniz.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya
Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS
agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin
rəhbərləri ilə görüşü zamanı “RT” telekanalının və “Rossiya
seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru
Marqarita Simonyanın sualını cavablandırarkən deyib.

Marqarita Simonyan: İlham Heydər oğlu, biz
yeni-yeni sanksiyaların, o cümlədən personal sanksiyaların müzakirə
olunduğu prosesdəyik, burada iştirak edənlərin bəzilərinin, məsələn
Dmitrinin Avropaya girişi artıq qadağan edilib, mənim kimi
bəzilərinə isə yəqin ki, bu gün qadağan ediləcək. Biz insanların
nəyi isə etdiklərinə və ya etmədiklərinə görə, yaxud Dmitri ilə
mənim kimi nəyi isə dediyimizə və ya demədiyimizə görə harayasa
getməyin qadağan edilməsinə dair çox nümunə gətirə bilərik. Biz,
həmçinin vətəndaşlıq əsasında ölkəyə girişə qadağa qoyulmasına dair
çox nümunə göstərə bilərik, çünki müxtəlif ölkələr arasında
münasibətlər müxtəlif olur. Lakin dünyada etnik əlamətinə görə
ölkəyə girişə qadağa qoyulmasına aid nümunələr demək olar ki,
yoxdur. Biz hamımız bilirik ki, ermənilərin Azərbaycana girişinə
qadağa qoyulub. Adətən bu, təhlükəsizlik mülahizələri ilə izah
olunur. Beləliklə Azərbaycan xalqı qəribə də olsa, pis şəkildə
təqdim olunur. Mənim üçün inanmaq çətindir və mən inanmıram ki,
insanlar Azərbaycanda canlı etnik erməni görərsə onun üstünə atılar
və onu tikə-tikə edərlər, hər halda orta əsrlərdə yaşamırıq. Siz bu
məsələyə belə sivil, mədəni münasibət nümunəsi göstərmək və bu
cəfəng status-kvonu, sadəcə, ləğv etmək istəməzdinizmi?

Prezident İlham Əliyev: Birincisi, deməliyəm ki, bizimlə
bölüşdüyünüz informasiya yumşaq desək, həqiqətə uyğun deyil. Bizdə
etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının
nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur.
Onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak edirlər.
Ermənistandan olan komanda iştirak edib, mən hətta xatırlayıram ki,
Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı
şəxsən özüm təqdim etmişəm. O, qızıl medal qazanan azərbaycanlı
boksçu ilə fəxri kürsüdə yanaşı dayanmışdı. Mən onun da əlini sıxıb
təbrik etdim və bu, zaldakı adamların ürəyincə olmasa da, onlar
məni uzun müddət alqışladılar.

Marqarita Simonyan: Mən bu əhvalatı
bilirəm.

Prezident İlham Əliyev: Bax, görürsünüz.
Deməli, sizin dediklərinizdə hər halda müəyyən qərəzlilik var.
Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycana
müxtəlif tədbirlərə gələndə də eyni vəziyyət baş verir. Bir neçə il
bundan əvvəl Katalikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə
onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və
bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza
təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal
gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər
ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur. Narahatlıq var, daha
doğrusu, vardı ki, belə hallar xaotik şəkildə baş verəndə hansısa
insidentlərin ola biləcəyi barədə müəyyən risk var. Çünki təqribən
30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti,
tarixi, dini irsi məhv edilib. Mən özümlə kitab gətirmişəm, bu,
hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı
fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər
bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu
zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu
insanlar. Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4
mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi
məzarlıqların yerləri bildirilmir.

Biz öz vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə
cavabdehik. Buna görə xahişimiz ondan ibarətdir ki, ya Ermənistan
vətəndaşları, ya da erməni soyadlı vətəndaşlar Azərbaycana gələndə
müvafiq orqanlar məlumatlandırılsın. Xüsusi halda Rusiyadan söhbət
gedirsə, səfirlik və səfir Polad Bülbüloğlu bu təlimatları bilir.
Azərbaycana gəlməyə rədd cavabı verilən hallar olub. Lakin belə
hallar məhz ona görə olub ki, bu formal qaydalara riayət
edilməyib.

Erməni silahlı dəstələrinin nəzarəti altında olan əraziyə
təsadüfən düşmüş, öz evlərinə getmək istəyən və tutulub saxlanmış,
sonra əsir götürülmüş və işgəncələrə məruz qalmış azərbaycanlıların
başına gələnlər barədə danışmaq istəmirəm. Bu, başqa mövzudur.
Lakin düşünürəm ki, müharibə başa çatandan sonra əgər Ermənistan
rəhbərliyi sülh müqaviləsi üzərində işləməyə başlamaq barədə bizim
ideyaları qəbul etsə, belə səfərlər müharibədən əvvəl olduğu kimi
adi hal ala bilər. İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli
şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli
azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi,
qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər
çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm
ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda
erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.
Onların sayı deyilən 30 mindən azdır. Yəqin ki, 30 min 10-15 il
bundan əvvəl olub, bununla belə onlar var, yaşayırlar və normal
yaşayırlar, heç kəs onlara heç bir iddia irəli sürmür. Buna görə də
sizin sualınıza cavab vermək imkanından istifadə edərək sizi
Azərbaycana gəlməyə dəvət etmək istərdim. Siz görərdiniz ki, heç
bir məhdudiyyət yoxdur.

Marqarita Simonyan: Siz dediniz ki, mənim
sualımda qərəzlilik var. İnanın, qərəzlilik yoxdur. Sizin dediyiniz
halları mən bilirəm. Siz deyirsiniz ki, hər halda bunlar xüsusi
hallardır. Onlar ölkənin Prezidentinə məlumdur – idman tədbirləri,
siyasi, ictimai tədbirlər. Amma, məsələn, mənim bu sistemdə
işlədiyim 20 il ərzində heç kəs oraya erməni soyadlı səs
rejissorunun da daxil olduğu çəkiliş qrupu göndərə bilməyib. Əgər
indi belə deyilsə, Siz erməni soyadlı məni dəvət edirsinizsə, bəlkə
mən özümlə daha bir neçə həmkarımı götürüm, onlar məmnuniyyətlə
gələrdilər. Mən Sizi düz başa düşdümsə, belə hallarda, əgər biz
oraya qrup şəklində gəliriksə, müraciət etmək olar?

Prezident İlham Əliyev: Bəli.

Mixail Qusman: Bu, o demək deyil ki,
Marqaritanın başçılıq etdiyi qrupda işləyənlərin hamısı ermənidir.
Xeyr, bu, o demək deyil.

Prezident İlham Əliyev: Amma mən fikirləşirəm
ki, onların əksəriyyəti ermənilərdir.

Marqarita Simonyan: Siz yanılırsınız.

Prezident İlham Əliyev: Siz də indicə
yanıldınız.

Marqarita Simonyan: Mənim 6 min işçim var.
Onların əksəriyyəti ingilis və amerikalıdır. Mən düz başa düşürəmmi
ki, biz oraya gələ bilərik. İlham Heydər oğlu, mənim beşinci nəslim
rusiyalıdır.

Prezident İlham Əliyev: Bəli, lakin mən belə
başa düşdüm ki, siz indiki halda erməni kimi sual verdiniz.

Marqarita Simonyan: Mən öz əməkdaşlarını yalnız
etnik əlamətə görə iki ölkəyə – erməni soyadlı insanları
Azərbaycana və gürcü soyadlı insanları Abxaziyaya göndərə
bilməməklə üzləşən təşkilatın rəhbəri kimi sual verdim. Sadəcə,
mənə elə gəlir ki, müasir dünyada bu, düzgün deyil və indi Sizinlə
söhbətimizdə hansısa etnik səviyyəyə keçməyimiz də düzgün
deyil.

Prezident İlham Əliyev: Siz başladınız, mən,
sadəcə, düzəliş vermək istədim, dedim ki, sizin dediyiniz düz
deyil. Mən yüzlərlə belə misal göstərə bilərəm, erməni soyadlı
insanlar həm çəkiliş qrupunun tərkibində, həm rəsmi nümayəndə
heyətlərinin tərkibində, o cümlədən Rusiyadan, digər ölkələrdən –
Fransadan, ABŞ-dan gəlirlər. Belə hallar çox olub, sadəcə, yəqin bu
barədə sizin məlumatınız yoxdur. Lakin düşünürəm ki, siz öz
qrupunuzla gəlsəniz, bunu yəqin edərsiniz.

Teqlər: