Prezident İlham Əliyev: Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir

Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər –
ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər
istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma
mərhələsindədir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya
Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS
agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin
rəhbərləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bu, müqavilədən yüksəkdir, ona görə ki, yadımdadırsa müqavilə
dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında idi, lakin o,
müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Uzun
illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən də,
Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi
xarakterizə etmişik. Münasibətlərin indiki formatı ali formatdır.
Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Dövlətlərarası
münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir. Mən
tapşırıq vermişəm, Azərbaycanın Xarici İşlər Nazirliyi Bəyannamənin
tam mətnini öz saytında yerləşdirib ki, hər kəs onunla tanış ola
bilsin. Mənim dünən qeyd etdiyim kimi, orada 43 bənd var. Əlbəttə,
bütün bəndləri şərh etmək həddən artıq vaxt aparar. Bir də ki, buna
ehtiyac yoxdur, baxmaq olar. Lakin bu Bəyannamənin adının özü çox
şeydən xəbər verir. Bu, artıq dediyim kimi, qarşılıqlı fəaliyyətin
səviyyəsinin artırılması üzrə uzun illər boyu aparılmış çox ciddi
işin nəticəsi, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrupun
bir ildən artıq müddətdə, – keçən ilin yanvar ayından, – bu
Bəyannamənin mətni üzərində konkret işinin nəticəsidir. Bəyannamə
həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir.
Əlbəttə, bu Bəyannaməni müxtəlif istiqamətlər üzrə konkret
sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanma
mərhələsindədir.

Onu da deməliyəm ki, Rusiya və Azərbaycan tərəfindən müxtəlif
istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və
digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma
mərhələsindədir. Yəni, münasibətlər o dərəcədə şaxələndirilib ki,
bizim hansı sahələrdə əməkdaşlıq etməyimizi müəyyənləşdirməkdənsə,
hansı sahələrdə əməkdaşlıq etmədiyimizi göstərmək və ya söyləmək
daha asandır. Əlbəttə, hesab edirəm ki, bizim iki qonşu ölkə üçün
bu səviyyəni qarşılıqlı müttəfiqlik səviyyəsi kimi müəyyən etmək
böyük nailiyyətdir və əlbəttə, böyük məsuliyyətdir. Biz gələcəkdə
də həmişə bu yüksək səviyyəyə uyğun olmalıyıq”.

Teqlər: