Prezident İlham Əliyev: Sahibkarlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır

Yerlərdə isə sahibkarlara elə şərait yaradılmalıdır ki, onlar
həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə,
onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək
lazımdır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də
Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin
başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda
qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Son vaxtlar özəl sektorun inkişafı nəticəsində biz daha böyük
uğurlara nail olmuşuq. Bu sahə deyə bilərəm ki, ilk günlərdən mənim
Prezident kimi fəaliyyətimdə önəmli yer tuturdu və məhz bunun
nəticəsində biz ümumi daxili məhsulumuzun əsasını, əksər hissəsini
indi özəl sektor tərəfindən, qeyri-neft sektoru tərəfindən təmin
edirik. Ancaq indiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl
sektorun üzərinə daha böyük vəzifələr düşür. Əlbəttə ki, ilk
növbədə, onlar azad edilmiş torpaqlara fikir verməlidirlər və orada
öz işlərini qurmalıdırlar. Bu məsələ ilə bağlı mən artıq dəfələrlə
öz fikirlərimi demişəm və eyni zamanda, fəaliyyət göstərdikləri
bütün bölgələrdə fəal olmalıdırlar. Bu fəallığı dövlət təmin edir.
Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam həm mənəvi
cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə
verilmiş kreditlər və digər addımlar atılmışdır. Yerlərdə isə
onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya
qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə, onlara maneçilik
törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun
inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə
almalıdır”.

Teqlər: