Xəbər - Elçin Mehdiyev – Trend:
44 günlük Vətən müharibəsi Azərbaycanın bütün sahələrdə işğalçı Ermənistandan üstün olduğunu əyani şəkildə təsdiqlədi. Ölkəmizdəki milli birlik və həmrəylik, həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun əldə etdiyi möhtəşəm Zəfər tarixə əbədi həkk olundu. Yəni, Vətən müharibəsi bundan sonra yüz illər boyu Qafqazın tarixi barədə araşdırma aparanların diqqət mərkəzində olacaq. Heç şübhəsiz, araşdırmaçıların xüsusi diqqət edəcəyi məqamlardan biri də Azərbaycan Prezidentinin Vətən müharibəsi dövründə və müharibədən sonrakı müddətdə fəaliyyəti olacaq. Əslində, ötən zaman kəsiminə qısa nəzər salmaq fikrimizin nə qədər əsaslı olduğunu təsdiqləməyə kifayət edir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, dövlət başçısının Vətən müharibəsi dövründə dünyanın 26 aparıcı mediasına (18 TV, 5 agentlik və 3 qəzet) müsahibələri, həmçinin ayrı-ayrı çıxışları və bəyanatları Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi, Azərbaycanın haqq davası haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırlması baxımından mühüm əhəmiyyət kəsb edirdi:
“Onu da deyim ki, cənab İlham Əliyev bu istiqamətdəki fəaliyyətini postmüharibə dövründə də davam etdirir. Dövlət başçımızın bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında 4 saat ərzində 35 media qurumunun 50-dək sualına cavabları, aprelin 13-də ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış – müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələrinin suallarına cavabları, həmçinin mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlarla müzakirələrdə iştirakı və çoxsaylı suallara ətraflı cavab verməsi bir məqamı da ortaya qoydu. Bu da cənab Prezidentin yeni informasiya strategiyası ilə bağlıdır”.
Deputat Azərbaycan Prezidentinin yeni informasiya strategiyasının artıq uğurla getdiyini bildirib: “Qeyd edim ki, xarici ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığını, yüksək məntiqini, intellektini, diplomatik məharətini, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirlər. Beləliklə, Azərbaycan Prezidentinin nitqlərinə, müzakirələrdə iştirakına, həmçinin müsahibələrinə xarici siyasi dairələrdə olan maraq onu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı yaradır”.
V.İskəndərov vurğulayıb ki, istər müharibə, istərsə də postmüharibə dövründə Prezident İlham Əliyevin yeni informasiya strategiyası Ermənistanın və erməni lobbisinin, o cümlədən Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində mühüm rol oynadı: “Yeni informasiya strategiyası müharibə dövründə Ermənistan-Azərbaycan münaqişəsi, Vətən müharibəsi haqqında həqiqətlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmağa şərait yaratdığı kimi, postmüharibə dövründə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri barədə dünyaya dolğun məlumat verməyə imkan yaradır”.
Deputat deyib ki, bütün bunların fonunda mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrində dövlət başçımızın çıxışı yeni informasiya strategiyası kontekstində atılan növbəti uğurlu addım kimi dəyərləndirilə bilər: “Müxtəlif ölkələrin sabiq prezidentlərinın, baş nazirlərinin, yüksək vəzifəli şəxslərinin, tanınmış ictimai-siyasi xadimlərinin, diplomatlarının və politoloqlarının iştirak etdiyi müzakirələrdəki çıxışında, həmçinin suallara verdiyi cavablarda cənab Prezident regionun gələcək inkişafının necə ola biləcəyini bütün dünyaya bəyan etdi”.