Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng
edib.

Prezidentin Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə,
dövlətimizin başçısı Kasım-Jomart Tokayevi ad günü münasibətilə
təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar
arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə
minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq
münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini
vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə
əminliklərini ifadə ediblər. Söhbət zamanı əməkdaşlığın
perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi
səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Teqlər: