V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bir daha dünyaya bəyan etdi: Vətəndən pay olmaz!

Bu ilıq may günlərində 28 il sürən işğaldan sonra yenidən
doğuluşunun ikinci ilini yaşayan, ən qısa müddətdə nəinki
Azərbaycanın, bütövlükdə Türk dünyasının mədəniyyət paytaxtına
çevrilən, hər günü toyla, büsatla, dünyanın müxtəlif guşələrindən
təşrif buyuran saf niyyətli qonaqların heyrət dolu baxışları
altında daha da rövnəqlənən, Qarabağın tacı Şuşada olmaq, bu cənnət
diyarımızın billur kimi saf, təmiz havasını udmaq hər bir
azərbaycanlı üçün sözlə ifadə olunmayacaq böyük xoşbəxtlikdir.
Gündən-günə gözəlləşən, özünün əvvəlki şöhrətini, tarixi və mədəni
simasını, milli ruhunu sürətlə bərpa edən mədəniyyət paytaxtımızın
ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbirin- V “Xarıbülbül”
Beynəlxalq Folklor Festivalının açılışı günündə Şuşanın qonaqları
arasında olan bir azərbaycanlı və bir jurnalist kimi Qarabağın
tacına səfərdən aldığım unudulmaz təəssüratlarımı oxucularla
bölüşməmişdən öncə bu ecazkar diyarımıza gedərkən yol boyu şahidi
olduğum mənzərə haqqında bir neçə kəlmə qeyd etmək istərdim.
İşğaldan azad edilmiş ərazilərimizə daxil olarkən gözlərimiz önündə
açılan nəhəng panoram hər kəsi sözün əsl mənasında heyran edir.
Bizi azad, ruhumuzun təşnəsi Şuşaya aparan tarixi Zəfər yolunun
sağı, solu sözün əsl mənasında nəhəng tikinti meydançasını
xatırladır. Hər addımda bir an belə səngiməyən bərpa-quruculuq
işləri insanın qəlbini sevinc, fərəh hissi ilə doldurur. Çox yox,
cəmisi ilyarım bundan əvvəlki vandal ermənilərin xaraba qoyduqları,
necə deyərlər, altını üstünə çevirdikləri, yalnız quru adları qalan
şəhərlər, qəsəbələr, kəndlər yenidən qurulur. Sanki bu bərpadan, bu
quruculuqdan vəcdə gələn Qarabağ və Şərqi Zəngəzur çölləri öz əzəli
və əbədi sahiblərini yaşıl ormanları, ətrafa xoş ətir yayan
rəngbərəng gül-çiçəkləri ilə qarşılayır.

Qarabağın, ümumilikdə Qafqazın incisi olan Şuşa şəhərinin
mənzərəsi isə tamamilə başqa aləmdir. Bu cənnət diyarımız
gündən-günə simasını dəyişir, hər gün buraya təşrif buyuran
çoxsaylı xarici qonaqlarını özünün əsl azərbaycanlı ruhu ilə
qarşılayır. Başqa sözlə Şuşamızın tarixi siması bərpa olunur,
əvvəlki şöhrəti özünə qaytarılır. Hər günü çal-çağırlı, toy-
büsatlı olan qədim Şuşamız indi əvvəlki şöhrətinin özünə
qaytarılmasından qürurludur, sanki dil açıb ev sahibliyi etdiyi
beynəlxalq tədbirlərin iştirakçılarına, bu torpağa xoş niyyətlə
ayaq basan hər kəsə 28 il şahidlik etdiyi erməni vəhşiliklərindən
danışır, əsarətdə olduğu zamanlarda da milli ruhunu qoruduğunu
bitib-tükənməz sevinc hissi ilə bəyan edir. Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev hər
zaman böyük əminliklə bəyan edirdi ki, gün gələcək, Qarabağda,
Şuşada, onun, necə deyərlər, vizit kartı olan Cıdır düzündə yenə də
igid ərənlərimiz Qarabağ atlarını çapacaq, Şuşanın başı göylərə
dəyən dağlarından “Qarabağ şikəstəsi” havalanacaq, “Qarabağ
bülbülləri” yenidən cəh-cəh vuracaq!

Nəyahət. 2020-ci il noyabrın 8-də həmin gün gəldi. Elə həmin gün
44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin baş memarı,
qətiyyətli dövlət başçısı, yenilməz Sərkərdə, Müzəffər Ali Baş
Komandan İlham Əliyev Bakının Şəhidlər xiyabanından Şuşamızın 28 il
yarım sürən əsirlikdən azad edildiyini, bununla ATA vəsiyyətini
yerinə yetirdiyini bütün dünya azərbaycanlılarına sonsuz sevinc və
fərəh hissi ilə çatdırdı. Bununla da dövlət başçısı, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusu yazdığı şanlı tarixlə Qarabağımızı, Şuşamızı azadlığa
qovuşdurdu. 30 il düşmən tapdağı altında qalan torpaqlarımız
çəkdikləri əziyyətlərdən sınmadılar, azadlığa, öz tarixi
sahiblərinə qovuşacaqları günü səbirsizliklə gözlədilər. 44 günlük
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının öz tarixinə sahib
çıxan, məğrur, yenilməz xalq, Qarabağ məsələsinin milli qürur
məsələsi olduğunu dünyaya sübut etdi. Budur, artıq il yarımdır ki,
biz qalib Azərbaycanın qalib vətəndaşları kimi böyük qürur hissi
ilə postmünaqişə dövrünün reallıqlarından bəhs edirik.

Azadlığının elə bir günü, elə bir saatı yoxdur ki, gözəl
Qarabağımız, azad Şuşamız dünyanın diqqətini özünə cəlb etməsin.
Elə bir gün yoxdur ki, Cıdır düzündən Azərbaycan muğamı havalanıb
dünyaya səs salmasın. Bu il mayın 12-si də belə günlərin zirvəsində
dayanmağa layiq bir gün idi. Milli ruhumuzun beşiyi, milli
mədəniyyətimizin məhək daşı Şuşanın məşhur Cıdır düzü yenidən
musiqiyə, nəğməyə qucaq açırdı. Şuşa şəhərinin 270 illiyi ilə
əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa
İli” çərçivəsində Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin
və Şuşa Şəhər Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən,
dünyanın üç qitəsinin – Asiya, Afrika və Avropanın on ölkəsindən
müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs
kollektivlərinin, həmçinin Azərbaycanın regionlarından folklor
kollektivlərinin qatıldıqları V “Xarıbülbül” Beynəlxalq Folklor
Festivalı sözün əsl mənasında möhtəşəm musiqi bayramına çevrildi.
Üç gün davam edən festival Azərbaycanın multikultural dəyərlərin
inkişafına böyük töhfələr verən, yerləşdiyi coğrafi məkanla
müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən unikal bir ölkə
olduğunu bir daha təsdiqlədi.

Bu unudulmaz musiqi bayramının iştirakçılarından biri kimi
festival ərəfəsində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın müasir müstəqil
Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin doğum
gününü məhz işğaldan azad edilmiş ərazilərimizdə – Füzuli və Şuşa
şəhərlərində qeyd etmələrinin hər bir azərbaycanlıda doğurduğu
qürur hissini xüsusi vurğulamaq istərdim. Hesab edirəm ki,
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu
addımlarının çox böyük rəmzi mənası vardır. O səbəbdən ki,
Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, çoxəsrlik
tarixinə möhtəşəm Qələbə səhifəsini yazması çağdaş Azərbaycanın
bütün uğurlarının əbədi ideya mənbəyi olan Heydər Əliyev
siyasətinin təntənəsidir. 1993-2003-cü illərdə Azərbaycanın bugünü
və gələcəyi üçün möhkəm təməl formalaşdıran ulu öndər Heydər Əliyev
daim bu inamı əminliklə ifadə edirdi ki, işğal altında olan bütün
torpaqlarımız azad olunacaq və soydaşlarımız doğma yurd-yuvalarına
qayıdacaqlar.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Füzuli və Şuşa şəhərlərinə
səfəri mühüm sosial obyektlərin təməlinin qoyulması və
bərpa-quruculuq işləri ilə tanışlıqla yadda qaldı. Müzəffər Ali Baş
Komandanın mayın 10-da “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə
Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında
müraciəti isə Azərbaycanın ulu öndər Heydər Əliyevin uğurlu və
düşünülmüş siyasəti nəticəsində qazandığı uğurların, Ümummilli
Liderin xalqımız qarşısında misilsiz xidmətlərinin təqdimatı oldu.
Azərbaycanın bugünkü uğurlarından bəhs edən ölkə Prezidenti təəssüf
hissi ilə bildirdi ki, atam bu günü görə bilmədi: “Onun kimi yüz
minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz –
onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti
yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş
yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır.”

Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd etdi ki, 2003-cü ildə
Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu
Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi: “Mən isə öz növbəmdə
demişdim ki, əgər xalq etimad göstərərsə, mən Prezident kimi Heydər
Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin
ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt adamam
ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda
və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır.” Dövlət başçısı bu
əminliyi də ifadə etdi ki, mayın 10-da mən yenidən Ulu Öndərin
xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan
xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın,
dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün
əlimdən gələni əsirgəməyəcəm.

Bəli, bu gün hər birimiz uca səslə, böyük qürur və iftixar hissi
ilə bəyan edirik ki, azad Qarabağ, azad Şuşa dirçəlir. Bu faktı da
qeyd etmək istərdim ki, Şuşanın mədəni dirçəlişinin təməli hələ
Sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu.
Ümummilli Liderin 1982-ci ildə Şuşaya 2 dəfə səfər edərək Vaqifin
məqbərəsinin, Poeziya Evinin açılışında və orada keçirilən Vaqif
Poeziya Günlərində iştirak etməsi xalqımızın, şuşalıların yaddaşına
ən xoş xatirələr kimi həkk olunub. Düz 39 ildən sonra, 2021-ci ilin
15 yanvarında Vaqifin ermənilər tərəfindən dağıdılmış məqbərəsi
önündə çıxış edən Prezident İlham Əliyev həmin günləri belə
xatırlamışdı: “Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla
bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da
var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna
baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç
o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla
Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər
Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri
aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı.”

Heç də təsadüfi deyildi ki, Müzəffər Ali Baş Komandan İlham
Əliyev işğaldan azad edilmiş ərazilərimizə ilk səfərində məhz
Şuşaya Zəfər yolunun çəkilişi ilə bağlı tapşırıq vermişdi. Bu gün
həmin yol nəinki şuşalıları, bütün Azərbaycan xalqını, bu tarixi
şəhəri görmək arzusunda olan xarici qonaqları, diplomatları, media
nümayəndələrini Qarabağın tacı ilə qovuşdurur. Artıq ikinci dəfədir
ki, bu yol “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının
iştirakçılarından biri kimi mənə də Azərbaycanın döyünən ürəyini
görmək imkanı qazandırır. Əbəs yerə deməyiblər ki, yol həyatdır,
mədəniyyətdir. Zəfər yolu çox qısa zamanda tikilərək istifadəyə
verildi. Bu yolun çox böyük rəmzi mənası vardır. Vətən müharibəsi
günlərində keçilməsi müşkül dar bir cığır olan bu yol
torpaqlarımızın azadlığı yolunda canından keçən, qanları ilə tarix
yazan şəhidlərimizi, sağlamlığını itirən qazilərimizi Şuşanı
işğaldan azad etməyə apardı. Şuşa Zəfəri Ermənistanı kapitulyasiya
aktını imzalamağa məcbur etdi. Şuşa əməliyyatı bir dastana
çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi
kimi, bu gün dünyanın ən məşhur hərbi məktəblərində bu döyüşlər
müzakirə edilir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada
olmuş insanlar təəccüblənirlər ki, Azərbaycanın qəhrəman övladları
yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız,
Qarabağın tacı olan Şuşanı işğalçılardan necə azad etdilər. Bu gün
dünya şöhrətli xarıbülbülün vətəni olan Şuşa diplomatik mərkəzə
çevrilib, dünyaya səs salan dövlətlərarası və beynəlxalq sənədlərin
imzalanmasına şahidlik edir.

Ötən ilin may ayında Müzəffər Ali Baş Komandan xalqımızı
ölkəmizin tarixində əlamətdar günlərdən olan və uzun fasilədən
sonra Şuşada, Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalından
salamladı. Mayın 12-də açılışı olan festivalda Prezident qürurla
qeyd etdi ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra
“Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Həmin festivalın
bağlanış mərasimində ölkə Prezidentini kövrəldən məqamı yada salaq.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal
altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki,
sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik.
Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar
mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa
hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə
əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl
bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o
bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik”
fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı,
Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də
işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt
adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu,
böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!
Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya
azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz
qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən
videoçarxın təqdimatı tarixi Zəfərimizin sevincini hər kəsə kövrək
hisslərlə yaşatdı. Ümummilli Liderin hər bir vəsiyyətini yerinə
yetirən möhtərəm Prezidentimiz Azərbaycanı Ulu Öndərin görmək
istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi.

Builki səfərimizdə sevincimə sevinc qatan saysız-hesabsız
məqamlar, qədim şəhərimizin ötən bir ildə necə böyük yeniliklərə
imza atması, Şuşanın simasını gündən-günə gözəlləşdirən
bərpa-quruculuq işləri oldu. Şuşa sözün əsl mənasında dirçəlib.
Qeyd etdiyim kimi, Zəfər yolu tam şəkildə tikilib istifadəyə
verilib. Magistral yollar çəkilir, Şuşanın elektrik təsərrüfatı
bərpa edilib, yarımstansiya tikilib. Şuşaya suyun verilməsi bərpa
edilib. Şuşanın tarixi abidələrinin bərpasına start verilib.
Natəvan bulağı bərpa edilib…

Ötən bir il ərzində yaddaqalan mühüm hadisələrdən biri də
Prezidentin Şuşa səfəri çərçivəsində şəhərin Baş planı əsasında
tikiləcək yeni yaşayış kompleksinin təməl daşının qoyulması olub.
Baş plan hazırlanarkən Şuşanın tarixi əzəmətinin qorunması əsas
götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün
layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur və tezliklə
keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə
çevriləcək. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın
dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdacaqları gün
uzaqda deyiil.

Mədəniyyət paytaxtımızın həyatında mühüm hadisələrdən biri
2021-ci ilin dekabrın 24-də Prezident İlham Əliyevin 60 illik
yubileyini qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi
Zəfərimizin qürur zirvəsi olan Şuşada qeyd etməsi oldu. Dövlət
başçısının qədim Şuşa şəhərinə ilyarım ərzində gerçəkləşdirdiyi 9
səfərin hər biri tarixi hadisə olmaqla yanaşı, Qarabağın tacının
tarixinin təqdimatında əhəmiyyətli rol oynayan mühüm tədbirlərin
keçirilməsi ilə yadda qalır. Hər səfər, hər bir tədbirdəki çıxışı
Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqına verdiyi müqəddəs
vədin gerçəkləşməsinin qürurunun, üzərinə düşən ən böyük missiyanı
ləyaqətlə yerinə yetirməsinin, ata vəsiyyətinə əməl etdiyi üçün
yaşadığı xoşbəxtlik hissinin geniş şəkildə, bütün təfsilatı ilə
ictimaiyyətə təqdimatıdır. Qalib Azərbaycanın qalib Prezidenti,
torpaqlarımızın xilaskarı kimi işğaldan azad edilmiş
torpaqlarımızda görülən işlərin hesabatını vermək böyük
qürurvericidir.

Ötən musiqi festivalından keçən bir ildə Şuşanın həyatında
müşahidə etdiyim və qürur hissi keçirdiyim yenilikləri həm
Prezidentimizin səfərlərinin, həm də gördüklərimin fonunda ifadə
etməkdən sonsuz qürur duyuram. Şuşanı erməniləşdirməyə çalışanların
qədim torpağımızın bugünkü reallıqlarını görüb hansı hissləri
keçirdiklərini düşünmək çətin deyil. Amma bu reallıqlar sübut edir
ki, Şuşa Azərbaycana məxsusdur, burada daş-daş üstə qoyulduqca, bu
əzəmətli məkan qonaqlarını qarşıladıqca növbəti tədbirə ev
sahibliyinə qədər daha da möhtəşəm, daha da qürurlu olmağa çalışır.
Bu əzəmət Şuşamızın tarixi simasıdır.

Mədəniyyət paytaxtımızın tarixinə nəzər salaq. Füsunkar Şuşa
şəhərinin əsası 1750-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən
qoyulub. Pənahəli xanın qala üçün seçdiyi yer əvvəllər tamamilə
meşə ilə örtülü bir sahə idi və üç tərəfdən sıldırım qayalarla
əhatə olunduğundan, gələcək şəhər üçün əlverşli təbii səngər rolunu
oynayırdı. Pənahəli xan tərəfindən qısa bir müddət ərzində salınan
bu şəhər əvvəllər öz banisinin adı ilə “Pənahabad” adlanırdı. Lakin
sonralar şəhərin yaxınlığında yerləşən Şuşakəndin adı ilə “Şuşa
qalası” adlanmağa başlandı. Tarix boyu bu qala yağı düşmənlərin
basqınlarına, hücumlarına məruz qalsa da, heç vaxt əyilməmiş,
alınmaz olmuşdur. Bir mühüm məqamı da xüsusi qeyd etmək istəyirəm
ki, musiqinin onun hər daşına, qayasına, ab-havasına hopduğu
şəhərlərdən söz düşəndə Şuşanın adı birincilər sırasında çəkilir.
Şuşa 1992-ci ildə antimilli ünsürlərin xəyanəti nəticəsində işğal
olunsa da azadlığına qovuşacağına əmin idi və qovuşdu da!

Şuşa bu il may 12-də növbəti V “Xarıbülbül” Beynəlxalq Folklor
Festivalına ev sahibliyi ilə bir daha dünyaya mesajlarını
ünvanladı. Qeyd etdiyimiz kimi, üç gün davam edən festivala
dünyanın üç qitəsinin – Asiya, Afrika və Avropanın on ölkəsindən
müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs
kollektivləri, həmçinin Azərbaycanın regionlarından folklor
kollektivləri qatılmışdılar. Festivalın açılış konserti Cıdır
düzündə qurulan böyük səhnədə keçirildi. Proqram Fikrət Əmirov
adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Vətən
süitası” ilə başladı. Sonra Əməkdar artistlər İlkin Əhmədov, Babək
Niftəliyev və Səbinə Ərəblinin ifasında “Qarabağ şikəstəsi”nin
sədaları Şuşa dağlarına yayıldı. Azərbaycan muğamına yüksək dəyər
verən ulu öndər Heydər Əliyevin “Bizim xalqımızın böyük musiqi
mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə
qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları
milli sərvətimizdir” fikirlərinə istinadən böyük qürur hissi ilə
qeyd edirik ki, bu gün muğamlarımızın ruhu oxşayan, könülləri fəth
edən xoş sədası bu sənətin beşiyi olan Şuşadan ucalaraq
Azərbaycana, bütün dünyaya yayılır, xalqımızın qanına, canına,
yaddaşına hopur. Bəli, tarix təkrarlanır. Eyni zamanda, tarixinə
sahib çıxan xalq məğlubedilməz olur. Azərbaycan tarixi Qələbəsi ilə
dağları, daşları, havası muğamımıza həsrət qalan Şuşamızı yenidən
əvvəlki şöhrətinə, ab-havanı yaşamağa qaytardı. Bu gün hər birimiz
fəxr edirik ki, əvvəlki kimi yenə də Cıdır düzündə “Qarabağ
şikəstəsi” səslənir.

Festivalda Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında
olan, mənəvi və siyasi dəstək göstərən qardaş Türkiyəni Ankara Türk
Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı təmsil etdi. Hər zaman
Azərbaycanın yanında olan qardaş Türkiyə bu gün həmin dəstəyini
musiqinin vasitəsilə çatdırdı. Nəzərə alsaq ki, musiqi də bir
siyasətdir, xalqları bir araya gətirir, bu halda həm dost
Türkiyənin, eyni zamanda, üç qitənin – Asiya, Afrika və Avropanın
on ölkəsindən müxtəlif folklor üslublarında çıxış edən
musiqiçilərin, rəqs kollektivlərinin ifalarının əhəmiyyətini geniş
şərh etməyə ehtiyac qalmaz.

Tarixi sahiblərini növbəti dəfə qarşılayan Şuşanın yaşadığı
sevinci hava da hiss etdirdi. Yağan yağış qədim şəhərimizin
sevincdən süzülən göz yaşlarının təqdimatı oldu. Atalarımız “su
aydınlıqdır” deyiblər. Bu aydınlığın fonunda davam edən festivalda
Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu “Çal oyna” xalq
mahnısını, “Cəngi” Estrada Folklor Rəqs Ansamblı “Tənzərə”, Əməkdar
artist Şirzad Fətəliyev və nəfəs alətləri qrupu “Turacı” xalq
rəqslərini, Malinin Şeyx Tidiane Sek etnocaz qrupu “Sanqa Bo”
kompozisiyasını, “Pakistan rəngləri” qrupu “Bhanqra” rəqsini,
Melitassi Gürcü Folklor Rəqs Ansamblı “Svanuri” rəqsini təqdim
etdilər. Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva və aşıq Əli
Tapdıqoğlu “Qarabağ qaytağısı” saz havasını, Xalq artisti Polad
Bülbüloğlu və Bakı Xoreoqrafiya Akademiyasının “Xarıbülbül” rəqs
ansamblı “Qarabağım” mahnısını səsləndirdilər. Açılış konserti
Əməkdar artist Aybəniz Haşımovanın və “Bülbüllər” qrupunun ifasında
“Vətəndən pay olmayır” mahnısı ilə başa çatdı.

Bu mahnı ümumilikdə tədbirin mahiyyətini özündə ehtiva edərək
bir daha 30 il işğal altında qalan torpaqlarımızın dövlətimizin
qətiyyəti, ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi,
həmrəyliyi sayəsində azadlığa qovuşmasını dünyaya çatdırdı və bəyan
edildi ki, Vətəndən pay olmaz. Azərbaycan dövləti hər zaman ən
yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımızı belə
düşmənə verməyəcəyik. Silaha sarılan Azərbaycan gəncləri qanları,
canları ilə yazdıqları tarix əsasında təsdiqlədilər ki, torpaq,
əgər uğrunda ölən varsa, Vətəndir!

Ulu öndər Heydər Əliyevin yaddaşlara həkk olunan bu fikirləri
festival iştirakçılarının sürəkli alqışları ilə müşayiət olundu: “Biz Azərbaycan torpağının bir qarışını da heç kimə verməyəcəyik!”
Bu anları kövrək hisslərlə yaşayan Müzəffər Ali Baş Komandan İlham
Əliyev bir daha ata vəsiyyətini yerinə yetirməsindən yaşadığı
qürurunu, sevincini xalqımızla paylaşdı.

Gerçək olan bir reallığı vurğulamaq istərdim ki, yaşanan hər
hansı bir hadisənin özəlliyini bəlkə də həmin an sözlə ifadə etmək
çox çətin olur. Amma günlər keçdikcə o xoşbəxtliyi daha dərindən
dərk edir, fikirlərimizi bölüşərək sanki o anlara yenidən
qayıdırıq. Bu baxımdan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı
başa çatsa da qədim Şuşamızın gözəllikləri fonunda fikirlərimi
paylaşmaqdan böyük sevinc hissi keçirir, bizlərə bu gözəl anları,
xoşbəxtliyi yaşadan, xalqımızı Qarabağımıza, Şuşamıza qovuşduran,
tariximizin Zəfər səhifəsini yazan Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna
minnətdarlığımı ifadə edir, şəhidlərimizin müqəddəs ruhları
qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Qalib
Prezidentimizin Şuşadan müraciətində xüsusi yer alan “Bu gün mayın
10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz
ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli,
bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza
əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!” fikirləri Ulu Öndərin şah əsəri olan
müstəqil Azərbaycanın gələcək uğurlarının bütün dünyaya təqdimatı
oldu.

Vüqar Rəhimzadə,

“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

Bakı-Şuşa-Bakı

Teqlər: