Prezident İlham Əliyev: Mən bütün dövlət qurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın

Bilirsiniz, bu evlər məcburi köçkünlər üçün inşa edilmişdi.
İşğal dövründə məcburi köçkünləri yerləşdirmək üçün, normal şərait
yaratmaq üçün böyük işlər görüldü və belə gözəl şəhərciklər
yaradıldı. Amma müharibədən sonra mən qərar qəbul etdim, onlar üçün
nəzərdə tutulan yerləri biz şəhid ailələrinə təqdim edək ki, onlar
çox vaxt gözləmədən tezliklə bu mənzillərlə təmin olunsunlar.

AzerTimes-ın məlumatına görə, bu
barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid
ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin
açılışında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib ki, Birinci Qarabağ müharibəsinin
şəhid ailələrinin bəziləri evlərlə təmin edilməyib: “Düzdür, 12 min
500 mənzil verilib, ancaq hələ də növbədə duranlar var. Ona görə
mən dedim ki, birincisi, məcburi köçkünlər üçün biz artıq
Qarabağda, Zəngəzurda evlər tikməyə başlamışıq. Onlar orada
yaşamalıdırlar. İkincisi, tezliklə şəhid ailələri, yaralı olan
hərbçilərimizin problemlərinin həlli üçün bu gözəl evləri biz şəhid
ailələrinə təqdim edək. Keçən il 3 min, bu il 1500 mənzil verilib
və bundan sonra da veriləcək. Bu mənzillərdə yaşamaq üçün bütün
şərait var”.

Prezident qeyd edib ki, şəhid ailələrinin həyatında heç bir
problemin olmaması üçün şəhidlərin yaxınları daim diqqət mərkəzində
olmalıdırlar. “Mən Prezident kimi bütün dövlət qurumlarına bunu
tapşırmışam, bu gün də mənim sözlərimi eşidirlər. Bu, bizim
borcumuzdur”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Teqlər: