Prezident İlham Əliyev: Mart ayından başlayaraq Ağdam Cümə məscidində təmir-bərpa işlərinə start veriləcək

Mart ayından başlayaraq Ağdam Cümə məscidində təmir-bərpa
işlərinə start veriləcək.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam Cümə
məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış
olduqdan sonra çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və
keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı
olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq.
Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli
rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət
rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər
şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi biz artıq
praktiki işlərə başlayacağıq.

Görülmüş bütün bu işlərlə yanaşı, əlbəttə ki, biz tarixi, dini
abidələrimizi də bərpa edirik. Mənə bu gün verilən məlumata görə,
Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır. Artıq bütün
tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm
daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək.
Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası
və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər
gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı
Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində
yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda
və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi
başlamışdır.

Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür.
Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin
qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz
edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk. Necə
ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi,
düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə Azərbaycan ərazi
bütövlüyünü bərpa etdi. Mən müharibədən sonra Ağdama 3-cü dəfədir
ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki
Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu
yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu
məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar
saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman
aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu
yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil.
Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər
tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır,
vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin
göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan
sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar
gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər”.

Teqlər: