Prezident İlham Əliyev: Ağdamda yeni yaşayış kompleksi təqribən il yarıma – iki ilə inşa ediləcək

Bu gün qeyd etdiyimiz hadisələrdən biri də yaşayış kompleksinin
təməl daşının qoyulmasıdır. Altı evdən ibarət yaşayış kompleksi
təqribən il yarıma – iki ilə inşa ediləcək, bəlkə də ondan da tez
və beləliklə, Ağdamın hərtərəfli inkişafı təmin olunacaq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam Cümə
məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış
olduqdan sonra çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri
tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin
təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə
Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq
ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar
işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam
Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını
atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin
gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış
binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada
yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin
yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Əminəm ki, yaxın
gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır.
Azərbaycan iş adamlarına da mən bu gün burada – Ağdam Cümə
məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də
azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait
qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün
çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm
mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər
verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası
sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan
sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada
müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş
torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə,
dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam
şəhərinin Baş planı hazırlanıb, Baş plan əsasında işlər görülür.
Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal
olmalıdırlar.

Bu gün, eyni zamanda, iki yarımstansiyanın açılışı olmuşdur.
Beləliklə, azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a
çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti
nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə
təmin ediləcək. Bu gün Ağdamda mehmanxananın təməli qoyuldu. Müasir
mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Buraya
böyük sayda gələcək qonaqlara indi şərait yaradılır. Əlbəttə ki, bu
gün qeyd etdiyimiz hadisələrdən biri də yaşayış kompleksinin təməl
daşının qoyulmasıdır. Altı evdən ibarət yaşayış kompleksi təqribən
il yarıma – iki ilə inşa ediləcək, bəlkə də ondan da tez və
beləliklə, Ağdamın hərtərəfli inkişafı təmin olunacaq”.

Teqlər: