Prezident İlham Əliyev İsrailin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak
Hersoqa təbrik məktubu göndərib.

AzerTimes xəbər verir ki,
məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və dost
xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram.

Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud
olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.
Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən 30 ildə siyasi, iqtisadi,
hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər
sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etmiş, dostluq
əlaqələrimiz daha da möhkəmlənmişdir.

Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və
harmoniya şəraitində yaşayan yəhudi icması, həm İsraildə, həm də
dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsilli
həmvətənlərimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə
öz töhfələrini verməkdədilər.

Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və əhatə
dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki,
bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud
imkanlardan yararlanaraq birgə səylərimizlə ənənəvi dostluq
əlaqələrimizin, səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə
nail ola bilərik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, dost İsrail xalqına daim əmin-amanlıq və
firavanlıq diləyirəm”.

Teqlər: